Taras Şevçenkonun 200 illik yubileyinə həsr olunmuş tədbirlər

Azərbaycan Yazıçılar Birliyinin Natəvan klubunda görkəmli Ukrayna şairi, yazıçı və dramaturq Taras Şevçenkonun 200 illik yubileyinə həsr olunmuş tədbir keçirilib.
AYB-nin sədr müavini Nazim İbrahimov şairin yaradıcılığının Azərbaycanda təbliği sahəsində görülən işlərdən söhbət açıb.
Digər çıxış edənlər Taras Şevçenko irsinin ötən əsrin 30-cu illərindən etibarən Azərbaycan dilinə tərcümə olunduğunu diqqətə çatdırıblar. Bildirilib ki, Azərbaycan şair və ədəbiyyatşünaslarının T.Şevçenkoya həsr olunmuş məqalə və şeirləri Ukrayna və rus dillərində çap olunub. Çıxış edənlər Ukrayna şairini mübariz vətəndaş, xalqlar dostluğunun alovlu carçısı kimi xarakterizə ediblər.
* * *
Qeyd edək ki, martın 3-də ölkəmizin Ukraynadakı səfirliyinin təşəbbüsü, Kiyev Milli Linqvistika Universitetinin və şəhərdəki Səməd Vurğun adına kitabxananın təşkilatçılığı ilə "Azərbaycan mənəvi məkanında Şevçenko sözü" mövzusunda elmi-praktik konfrans keçirilib.
Martın 9-da isə Odessa vilayət filarmoniyasında Ukraynanın görkəmli şairi və mütəfəkkiri Taras Şevçenkonun 200 illiyinə həsr edilmiş konsertdə istedadlı həmvətənimiz, A.V.Nejdanova adına Odessa Milli Musiqi Akademiyası fortepiano sinfinin tələbəsi, beynəlxalq müsabiqələr laureatı Mehriban Süleymanova çıxış edəcək.