Üzdə həlim, içdə təlatüm - İsa İsmayılzadə...

Formaca da, məzmunca da klassikanə təsir bağışlayan bu şairin müasirlərindən (və tanışlarından) biri kimi deyim ki, o, adamlığın naxışıydı. Gahdan lal sükut, gahdan şimşək çaxışıydı. Baxışları, təbəssümü, ətrafını dindirməyi sığal idi. Hüsn-rəğbət ehtiyacı olanlara qardaş, qağa, əda-gədalar üzünə ağa idi. İç dünyası roman-roman olsa da, çöl dünyaya nəzm-nəzm, bayatı-bayatı, misra-misra baxar, gündəlik həyat səhifələrində isə heç vaxt sətirdən-sətirə keçməzdi...

... Elə bu an məndə “daha deməyə nə qaldı ki” pessimizmi, ardınca isə “bunlar onun özü, bəz sözü?!” optimizmi yarandı. Amma hələ yox; özü haqda bir neçə gərəkli söz qalıb. Yoxsa beş-on abzasdan sonra bəhs açacağım sözlərinin - misra-misra xəyallarının hansı yurdda rüşeymlənmə, hansı yuvadan pərvazlandığı, hankı auradan qaynaqlanma mətləbləri aman-gümanlıq ola bilər. Deməli, hələ hər ikisinin qovuşuğu: -

Özü və sözü

Həyatının, tərcümeyi-halının sonluğunda “gözəl şair, alovlu publisist, müqtədir tərcüməçi” təyin-tamamlıqları ilə ismarlanan, 28 yaşında Azərbaycan Yazıçılar İttifaqının üzvü, daha sonra - o dövrün “briqadir atı” timsallı təltifatlarından - Lenin komsomolu mükafatı laureatı olan İsa İsmayılzadə çox məşəqqətli bir ildə (1941) və ömrü boyu nə ürəyinə, nə dilinə yatan Qardabanidə (Qarayazı!) anadan olub. Oranın orta məktəbinin ən zirək şagirdi kimi gəlib buranın ali məktəbinə - Azərbaycan Dövlət Universitetinə (BDU) daxil olub. 1958-dən 63-ə qədər filologiya fakültəsinin nümunəvi tələbəsi, 18 yaşından - II kursda ikən çap olunmağa başlayan şeirləri ilə bütün universitet aləminin özəl-gözəl şairi olub. Universiteti bitircək çox aktiv əmək və yaradıcılıq həyatına başlayıb. Təxminən il yarımadək Qardabanidə orta məktəb müəllimi, sonralar Azərbaycan Sovet Ensiklopediyası Baş redaksiyasında elmi redaktor, “Ədəbiyyat və incəsənət” qəzeti, “Ulduz“, “Azərbaycan” jurnalları redaksiyalarında ədəbi işçi, şöbə müdiri, baş redaktor müavini, Azərbaycan Dövlət Televiziya və Radio Verilişləri Komitəsində redaktor, musiqi mətnləri şöbəsinin müdiri vəzifələrində işləyib.
Gözəl şeir və poemaları, tərcümələri, publisistik yazıları ilə dövrün çox istedadlı, məhsuldar qələm əhli kimi daim gündəmdə olub. “Ulduzların ad günü”, “İşıqlı yarpaqlar”, “Torpaq nəğməsi”, “Ömrümdən keçən qatar”, “Salam, Yer kürəsi”, “Anamla söhbət”, “Yelləncəkdə yellənən külək”, “Gedim anamdan soruşum”, ”Bir ömürlük gecə”, “Vurağan, tutağan, yatağan” kimi oxunaqlı kitablar bağlayıb. Məhəbbət və vətəndaşlıq mayalı bir çox mahnı mətnləri yazıb. Məsələn, “Sən mənim köksümdə çarpan bir ürək, Mən sənin köksündə - kiçik bir zərrə”. Bu sədalarla başlayıb, “Böyüklü-kiçikli arzularım da - Adınla bağlıdır, Azərbaycanım!” nidaları ilə davam edib “Tanış olmaq istəyirəm” sərlövhəsi ilə “Əl uzanır: - Tanış olaq! Əl uzanır: - Salamat qal! Əl uzanır dosta-yada, Əl - hələlik, əl - əlvida. Cib dəftərim telefonla, adla dolu olsa belə, əl açıram - təzə insan istəyirəm, təzə ünvan istəyirəm” kimi ümumhəyati lövhələr yaradıb. “Şəxsi mənafe” şeirləri də az olmayıb. Biri də doğulduğu ilin “benefis”inə:

Mənim doğulduğum il
naməlum bir əsgərin
adı, ünvanı oldu.
Yazdı təvəllüdümü
balınca göz yaşları,
yollara - anaların
ümidli baxışları.
Mən təvəllüd günümü
keçirmək istəmirəm
Badələrin səsilə.
Oyatmaq istəmirəm
Küsəyən qardaşımın
qabda qalan payı tək
soyumuş həsrətləri...

Günlərin birində uşaqlıq çağlarının da könlünü almaq istəyib:

Mənim oyuncağım olmayıb heç vaxt.
Hərdən kövrələndə,
uşaqlaşanda,
yaşımdan, təmkindən...
nə bilim, nədən
beşcə addımlığa uzaqlaşanda,
özümə oyuncaq almağım gəlir.
Yapışıb əlindən körpəliyimin
«Uşaq aləmi»nə çəkmək istərəm -
Günlərin bir günündə
balaca İsaya mağazalardan
bir qucaq sevinc alam.
Ciblərinə, papağına, qoynuna
qonşudan oğurlanan
alma əvəzinə, armud yerinə
sevinc dolduram...

Deməyin ki, nədən (yuxarıda “hərtərəfli, rəngarəng, məhsuldar” kimi qələmə verilmiş, hər sahədən, hər mövzuda yazmış) bu şairin yalnız “dava”lı şeirlərindən bəhs edilir. Hələ aşağıda görəcəksiz ki, “hələ bu harasıymış”! Beləliklə, indi yalnız və yalnız -

SÖZü...

Özü də həmin mövzulu şeirləri içərisində sözün ən heyran və hədsiz yaxşı mənasında yalqız! Xahiş edirəm, bu nəqli, nəsri əsrimizdə bu gözəl nəzmi - “Güllələr demədi...” şeirini yorulmadan, bıqmadan - axıracan oxuyasız:

Getdilər. Getdilər fit çala-çala,
Getdilər atları çimizdirməyə -
Bizi aparmadılar,
Qulançar yığmağa, moruq dərməyə
Bizi aparmadılar.

Yalvarıb-yalvarıb, dil tökəndə biz
onlar üstümüzə od ələdilər,
qışqırıb-təpinib, hədələdilər:
«Hələ uşaqsınız... nə yaşınız var...»

Bir gün xəbər gəldi: dava başlanıb...
Onlar əsgərliyə çağırıldılar.
Nə tütək çaldılar, nə fit çaldılar,
fikirli oldular, ağır oldular...

Yola salanlara qoşulanda biz
yalvarıb-yalvarıb, dil tökdü onlar:
«Gəlməyin, qayıdın... geri qayıdın...
Qayıdın atları çimizdirməyə,
Qulançar yığmağa, moruq dərməyə».

Biz getdik atları çimizdirməyə,
qulançar yığmağa, moruq yeməyə:
düşüb arxamızca gəldi uşaqlar -
Dilimiz gəlmədi bir söz deməyə.

Onların yoxluğu düşdü araya,
Oyunlar, «məclislər» qaldı yarımçıq.
Toylar da seyrəldi, toyxanalar da,
aşıq da havanı çaldı yarımçıq.

Kəndimiz yamanca uralanmışdı,
hərdən korun-korun yanırdı ocaq.
Bir ağzıgöyçək də qaralanmışdı:
«Deyəsən, gedənlər qayıtmayacaq»...

Mərmilər, güllələr fit çala-çala
Hey böyür-başından ötdü onların.
Kətmən vura-vura, ot çala-çala
baxdıq yollara.

Getdilər, getdilər Berlinə sarı,
getdilər, getdilər ölümə sarı.
Güllələr demədi: geri qayıdın.
Lülələr demədi: geri qayıdın,
qəlpələr demədi: geri qayıdın,
hələ uşaqsınız, nə yaşınız var...

Təkrarçılığı xoşlamasam da, istərdim bu yazını - şairin ölüm ili və son ifadənin dəyişimilə redaktələnən bir kəlməlik əlavə ilə - elə bu yazının girişi ilə bitirim: Formaca da, məzmunca da klassikanə təsir bağışlayan bu şairin müasirlərindən (və tanışlarından) biri kimi deyim ki, o, adamlığın naxışıydı. Gahdan lal sükut, gahdan şimşək çaxışıydı. Baxışları, təbəssümü, ətrafını dindirməyi sığal idi. Hüsn-rəğbət ehtiyacı olanlara qardaş, qağa, əda-gədalar üzünə ağa idi. İç dünyası roman-roman olsa da, çöl dünyaya nəzm-nəzm, bayatı-bayatı, misra-misra baxardı. Gündəlik həyat səhifələrində isə heç vaxt sətirdən-sətirə keçmədən - 1997-ci ildə getdi...

Tahir Abbaslı