Daşkənddəki "Davrpress" nəşriyyat evində özbək dilində "Azərbaycan yazıçılarının hekayələri" kitabı çap edilib. Kitabda Azərbaycan yazıçılarından Anarın "Qırmızı limuzin", "Vahimə", Sabir Rüstəmxanlının "Daş rəngi", "Qayalar arasındakı vəd", "Bacı", Hidayətin "Ömürdən uzun gecə", Elçin Hüseynbəylinin "Yağış", "Keçid dövrünün toyuğu", "Nar", Kamran Nəzirlinin "Qorxulu məhəbbət", "Üç milyon dollarlıq ürək", Rəşad Məcidin "10 sentyabr", İlqar Fəhminin "Görüş", Ülvi Bünyadzadənin "Sədaqət", "İnsan" və s. hekayələr yer alıb.
Özbəkistanın kitabxanalarına, ali məktəblərinə, Azərbaycan ədəbiyyatına dair tədqiqat aparan mütəxəssislərinə, Özbəkistanın Milli Elmlər Akademiyasının Ədəbiyyat İnstitutuna paylanacaq kitabı özbək dilinə "Darakçi" qəzetinin baş redaktoru Rüstəm Cabbarov tərcümə edib. Topluda müəlliflərin hekayələri ilə yanaşı, onlar haqqında qısa məlumat da verilib.
Kitab ölkəmizin Özbəkistandakı səfirliyinin nəzdində fəaliyyət göstərən Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzinin dəstəyi ilə çap olunub.