XVIII əsrdə Azərbaycan poeziyasının ideya-sənətkarlıq və janr-üslub cəhətdən yeni keyfiyyətlər qazanmasında görkəmli şair, dövlət xadimi Molla Pənah Vaqifin (1717-1797) mühüm xidmətləri var. Məhz Vaqifin yaradıcılığı ilə Azərbaycan ədəbiyyatında yeni bir ədəbi mərhələnin əsası qoyulur, realist bədii düşüncənin üfüqləri genişlənir, xalq şeiri populyarlıq qazanır.

Molla Pənah Vaqif 1717-ci ildə Qazax mahalının Qıraq Salahlı kəndində dünyaya göz açıb. Əsl adı Pənah, atasının adı isə Mehdi ağa olub. Sonralar məktəbdar olduğu üçün xalq arasında Molla Pənah adı ilə tanınıb. 1759-cu ildə indiki Gürcüstan sərhədində böyük bir qarışıqlıq baş verir. Bu səbəbdən o, ailəsi ilə Qarabağ xanlığına köçmək məcburiyyətində qalır. Şuşaya yaxın kəndlərin birində məskunlaşır. Şairin bu dövr yaradıcılığında maddi və mənəvi sıxıntıları öz əksini tapır. Məşhur “Bayram oldu” qoşmasının məhz həmin dövrdə qələmə alındığı bildirilir. Bir müddət sonra Vaqif Şuşa şəhərinə köçür və məktəb açaraq müəllimlik fəaliyyətini davam etdirir.
Qarabağ hökmdarı İbrahim xana Vaqif haqqında ətraflı məlumat verilir və xan onu saraya dəvət edir. Yaxından tanış olduqdan sonra eşik ağası, yəni daxili işlər üzrə vəzir təyin edir. Çox keçmir, Vaqif sarayda böyük nüfuz qazanır. Təxminən 27 il müddətində sarayın ən mötəbər adamlarından biri kimi tanınır. Araşdırmalarda Vaqifin Qarabağ xanlığının möhkəmlənməsində bacarıqlı dövlət xadimi olması göstərilir. Xüsusilə, Şuşanın abadlaşmasında böyük xidmətləri olduğu bildirilir. XVIII əsrin sonlarında Azərbaycan xanlıqları cənubdan Qacar hökmranlığının, şimaldan isə çar Rusiyasının təhdidləri ilə üz-üzə qalır. İbrahim xan vəziyyəti dəyərləndirərək xanlığın təhlükəsizliyini təmin etmək üçün çıxış yolunu daha güclü qonşu - Rusiya ilə əlaqələr qurmaqda görür. Bu işdə baş vəzir Vaqif mühüm rol oynayır. Nəticədə Qarabağ xanlığı müvəqqəti olaraq Qacarın hücumunu dəf edir. Lakin Qacar ikinci dəfə xanlığa hücum edir və 1797-ci ildə Şuşaya daxil olur. İbrahim xan qalanı tərk etməyə məcbur olur. Qacar Vaqifi zindana saldırır. Lakin bir neçə gün sonra Qacar öz saray adamları tərəfindən öldürülür. Vaqif həbsdən qurtarır. Bu münasibətlə “Ey Vidadi, gərdişi-dövrani-kəcrəftarə bax” misrası ilə başlayan qəzəlini yazır. Qacarın ölümündən sonra xanlıqda hakimiyyəti müvəqqəti ələ alan İbrahim xanın qardaşı oğlu Məhəmməd bəy Çavanşir əmisinin bütün yaxın adamları kimi Vaqifi də öldürmək üçün bəhanə axtarır. Bu zaman Vaqifin vəziyyəti daha da ağırlaşır. Şair məşhur “Görmədim” müxəmməsini də keçirdiyi belə ağır zamanlarda qələmə alır.
Vaqif İbrahim xana qasidlə məktub göndərir. Məktubda xandan tez qayıtmasını xahiş edir. Lakin məktubu aparan qasid tutulur. Vaqifin xana yazdığı məktub ələ keçəndən sonra Məhəmməd bəy Cavanşir 1797-ci ildə şairi oğlu Əli ilə birlikdə Şuşa şəhərində öldürtdürür. Vaqif edam edildikdən sonra onun evi talan olunur, əsərlərinin çox hissəsi itib-batır. Ancaq xalq sevimli şairinin şeirlərini hafizələrdə yaşadır.
İncə hisslər, dərin və nikbin duyğular şairi kimi tanınan Vaqifin yaradıcılığında məhəbbət lirikası əsas yer tutur. Şair qoşmalarının mühüm hissəsini gözəlliyin və gözəllərin tərənnümünə həsr edib. Əsərlərində təsvir olunan “sərv qədli”, “mina boylu”, “zülfü ənbər”, “şəkər göftarlı” gözəllər eyni zamanda gözəl yerişi, şux duruşu, incə rəftar və danışığı ilə də şairin ruhunu oxşayan real insanlardır. Xarici gözəlliyin təsviri şairin şeirlərində əsas yer tutur:

Ənliyi, kirşanı neylər camalın,
Sən elə gözəlsən binadan, Pəri.


Şair sadə, həyati təşbehlər vasitəsilə vəsf etdiyi gözəlin sanki portretini canlandırır:

Gözləri məstanə, ağzı piyalə,
Gərdəni minadır mənim sevdiyim.
Kəlağayı gülgəz, libası əlvan,
Bir güli-rənadır mənim sevdiyim.

Sənətkar qoşmalarında qadın gözəlliyindən bəhs edərkən vəfa, sədaqət kimi keyfiyyətləri bu gözəlliyin ayrılmaz hissəsi olaraq götürür. Elmli və mərifətli qadınları yüksək dəyərləndirir.
Lakin Vaqifə xas olan bu ruh yüksəkliyi bütün yaradıcılığı boyu davam etmir. Ömrünün son illərində qarşılaşdığı ağır şərait şairin əhvalına də təsir edir. Bu dövrdə yazdığı “Bax” rədifli qəzəli və “Görmədim” müxəmməsində şair çərxi-dövranın ədalətsiz gərdişindən şikayətlənir. “Bax” qəzəlində şair dostu Molla Vəli Vidadiyə müraciətlə “gərdişi-dövranın kəc rəftarından” ibrət götürməyə, həyatda baş verən bu cür gözlənilməz hadisələrdən dərs almağa çağırır:

Ey Vidadi, gərdişi-dövrani-kəc rəftarə bax,
Ruzigara qıl tamaşa, karə bax, kirdarə bax!
Baş götür bu əhli aləmdən ayaq tutduqca qaç,
Nə qıza, nə oğula, nə dusta, nə yarə bax!

Vaqif yaradıcılığındakı bu dönüşü aydın ifadə edən başqa bir əsər isə onun “Görmədim” müxəmməsidir.

Mən cahan mülkündə mütləq doğru halət görmədim,
Hər nə gördüm əyri gördüm, özgə babət görmədim.

Şairin əsərlərində, xüsusilə qoşmalarında xalq dilinin yüksək sənətkarlıqla təqdimini görürük. O, nə qədər saray mühitində yazıb-yaratsa da, şeirlərində xalq ruhunun ifadəsi mühüm yer tutur. Müəllif gözəl saydığı hər şeyi həyatla, təbiət zənginlikləri ilə müqayisədə verir. Bununla da insan və təbiətin harmoniyasını diqqətə çatdırır.
Vaqif qəzəl və müxəmməsləri istisna olmaqla, yaradıcılığında ərəb-fars sözlərinə az yer verib. Xalq dilinin obrazlı ifadələrindən istifadə etməklə poeziya dilimizi zənginləşdirib, yeni çalarlar bəxş edib. Onun yaradıcılığı xalq şeirinin gələcək inkişafı üçün ciddi zəmin olub.

Savalan Fərəcov