Mayın 2-də Bakıdakı Modern Təhsil Mərkəzinin fərqli tənəffüs zənginə daha bir xoş səda əlavə edildi. Bu səs müasir poeziyamızın görkəmli nümayəndəsi, Xalq şairi, dramaturq, ictimai xadim Nəriman Həsənzadənin sözlərinə bəstələnmiş musiqilər və şairin şeirləri idi.

Təhsil ocağının kollektivi sevimli şairi təmtəraqlı şəkildə qarşıladı. Direktor Gülnarə Əfəndiyeva qonağı ilk olaraq Heydər Əliyevə həsr edilmiş guşə ilə tanış etdi.
Sonra görüş dəyirmi masa ətrafında davam etdi. Əvvəlcə şagirdlər görkəmli ədiblər Mir Cəlalın, Bəxtiyar Vahabzadənin, Mirzə İbrahimovun, Məmməd Arazın Nəriman Həsənzadə haqqında söylədikləri fikirləri tədbir iştirakçılarının nəzərinə çatdırdılar. Xalq şairinin həyat və yaradıcılığını əks etdirən slayd nümayiş olundu.
Şairin keçdiyi ömür yolu haqqında məlumat verildi. Bildirildi ki, Nəriman Həsənzadə 1931-ci il fevralın 18-də Qazax rayonunun (indiki Ağstafa) Poylu stansiyasında anadan olub. Kiçik yaşlarında atasını itirən şair kəşməkəşli bir həyat yaşayıb. 1949-cu ildə Gəncə Dövlət Pedaqoji İnstitutunun filologiya fakültəsinə daxil olub, oranı bitirdikdən sonra Moskvada M.Qorki adına Ədəbiyyat İnstitutunda təhsil alıb. Maraqlı yaradıcılıq yolu keçən şair müxtəlif illərdə respublikanın aparıcı qəzet və jurnallarında çalışıb, 1991-2001-ci illərdə isə mətbuat və informasiya nazirinin birinci müavini vəzifəsində çalışıb. Hazırda Azərbaycan Milli Aviasiya Akademiyasının “Humanitar fənlər kafedrası”nın müdiridir. Azərbaycan Prezidentinin sərəncamı ilə 2005-ci ildə Xalq şairi fəxri adına, 2011-ci ildə “Şərəf” ordeninə layiq görülüb. Prezident təqaüdçüsüdür.
Müxtəlif illərdə işıq üzü görən “Bütün millətlərə”, “Taleyin töhfəsi”, “Gəlimli-gedimli dünya”, “Poylu - beşiyim mənim”, “Nuru Paşa” və s. kitabları oxucuların rəğbətini qazanıb.
Xalq şairi tarixi və müasir mövzularda bir-birindən maraqlı əsərlərin müəllifidir. “Atabəylər”, “Pompeyin Qafqaza yürüşü”, “Midiya sarayı” dramları, “Nəriman”, “Zümrüd quşu”, “Kimin sualı var?” və s. poemaları Azərbaycan ədəbiyyatının kamil nümunələridir. Əsərləri müxtəlif dillərə tərcümə olunub.
Cənubi Azərbaycandan olan yazıçı Hüseyn Şərqidərəcək Xalq şairinin yaradıcılığından danışdı, tədbirin əhəmiyyətini vurğuladı.
Nəriman Həsənzadə görüşün təşkilinə görə məktəbin rəhbərliyinə təşəkkür etdi, şeirlərini şagirdlərin dilindən eşitməsindən məmnun qaldığını bildirdi. Həyatının çətin anlarında həmişə xeyirxah insanlarla qarşılaşdığını deyən şair qazandığı nailiyyətlərə görə də məhz həmin insanlara borclu olduğunu dilə gətirdi və şeirlərini səsləndirdi.
Məktəbin direktor müavini Gülnarə Səlimova, tədris hissə müdiri Kəmalə Bağırova Nəriman Həsənzadəyə dəvəti qəbul etdiyi üçün minnətdarlıqlarını bildirdilər. Görüş məktəbin kitabxanasında qonaq dəftərinə yazılan xoş kəlmələrlə sona yetdi.

Lalə Azəri