Texniki Universitetdə ədəbi görüş

Mayın 15-də Azərbaycan Texniki Universitetində (ATU) tanınmış şair, tərcüməçi, Əməkdar mədəniyyət işçisi Vaqif Bəhmənli ilə görüş keçirildi.

Tədbiri universitetin təlim-tərbiyə işləri üzrə prorektoru, dosent İsa Xəlilov açaraq təhsil ocağında incəsənət xadimləri, yazıçı və şairlərlə görüşlərin ənənə halını aldığını, tələbələrin qəlbində dərin izlər buraxdığını vurğuladı. Budəfəki görüşün ATU-nun Qadınlar şurası tərəfindən təşkil olunduğu diqqətə çatdırıldı.
Qadınlar şurasının sədri, dosent Gülşən Rzayeva müasir poeziyamızda sevilən müəlliflərdən olan Vaqif Bəhmənliyə dəvəti qəbul etdiyinə görə təşəkkürünü bildirdi, universitetin fəaliyyəti haqqında qısa məlumat verdi.
“Azərbaycan” jurnalının baş redaktor müavini, tənqidçi Əsəd Cahangir şairin yaradıcılığı haqqında məruzə ilə çıxış etdi: “Vaqif Bəhmənli işıq və sevgi şairidir. Onun sevgidən yaranan sənəti yaşayır və insanları yaşadır. Ona görə yaşadır ki, bu şeirlərdə qəribə bir istilik və musiqi var. Şeirləri oxuyan hər kəs bu nümunələri musiqisiz təsəvvür etmir”.
Qeyd olundu ki, müəllifin indiyədək 20-dək şeir, publisistika, hekayə və tərcümələrdən ibarət kitabı çapdan çıxıb. O, Rəsul Rza, Şahmar Əkbərzadə, İsa İsmayılzadə adına mükafatlara layiq görülüb. Əsərləri bir çox xarici dillərə tərcümə edilib.
Sonra söz Vaqif Bəhmənliyə verildi. Şair sənət adamlarının televiziyada, jurnallarda görünməyinin, informasiya verməyinin ədəbiyyatın təbliğinə xidmət etdiyini bildirdi: “Amma insanlarla canlı görüş son dərəcə maraqlıdır və bunu heç nə ilə əvəz etmək mümkün deyil. Belə görüşlər uzun illər əvvəl tez-tez keçirilirdi. Həmin ənənənin bərpası sevindirici haldır. İndi informasiya bolluğu və vaxtın azlığı belə görüşlərə imkan vermir. Ona görə də oxucularımızla əvvəlki illərə nisbətən daha az görüşürük. Bu görüşlərin əhəmiyyəti ondadır ki, təcrübəli, yaşlı nəslin nümayəndəsi olan sənət adamları gənclərin nə düşündüyünü, onların hansı hislərlə yaşadığını öyrənirlər. Bu da yazacağın əsərlərin onlara necə təsir edəcəyindən xəbər verir”.
Şair imza günlərinin, oxucularla görüşlərin, onların arzu və istəklərinin yeni əsərlərin yaranmasına stimul verdiyini vurğuladı.
Tələbələr şairin öz ifasında şeirlərini böyük alqışlarla qarşıladılar. Muğam müsabiqəsinin qalibi, sevilən xanəndə Aytən Məhərrəmovanın çıxışı böyük sevincə səbəb oldu. Tələbələr də şairin şeirlərini səsləndirdilər.
Sonda Vaqif Bəhmənli görüşün təşkilatçılarına və iştirakçılarına təşəkkürünü bildirdi, tələbələrə uğurlar arzuladı.

Lalə Azəri