Azərbaycan Yazıçılar Birliyində tanınmış şair Ağacəfər Həsənlinin 60 illik yubileyi qeyd olunub. Tədbirdə çıxış edən Mədəniyyət və Turizm Nazirliyi Nəşriyyat sektorunun müdiri, şair Çingiz Əlioğlu yubilyarın yaradıcılığından söz açıb. Qeyd olunub ki, Ağacəfər Həsənlinin onlarla şeir, publisistika və tərcümə kitabı nəşr olunub. Şairin “Ümidimin adına küçə” kitabı nazirliyin “Qızıl kəlmə” ədəbi mükafatına layiq görülüb.
Şair Ağacəfər Həsənli, həmçinin Qaracaoğlan poeziya festivalının qalibi, TÜRKSOY mükafatı laureatıdır. Onun əsərləri 30-dan çox dilə, o cümlədən rus, ingilis, fransız, bolqar, ərəb və başqa dillərə tərcümə olunub.
Mədəniyyət və Turizm Nazirliyi Nəşriyyat, reklamın təşkili və informasiya şöbəsinin müdiri, şair Vaqif Bəhmənli, filologiya elmləri doktoru Vaqif Yusifli və başqaları yubilyarı yaradıcılığının kamillik dövrünü yaşayan qələm sahibi kimi dəyərləndiriblər.
Tədbirdə şairin yeni nəşr olunmuş “İlğım” kitabı da təqdim edilib. Sonda Ağacəfər Həsənli çıxış edərək tədbirin təşkilatçılarına və iştirakçılarına təşəkkürünü bildirib.