Türk dilində nəşrlərin əhatə etdiyi (Türkiyə, Almaniya, Bosniya və Herseqovina, Bolqarıstan, Şimali Kipr və s. ölkələr) kitab bazarının tədqiqi ilə məşğul olan Türkiyənin 1000kitap.com saytı populyar kitabların və yazarların reytinqlərini təqdim etmək üzrə ixtisaslaşıb.
“Ən populyar 1000 yazar” reytinqində klassik və müasir dövr Türkiyə, eləcə də xarici ölkə yazıçıları yer alır. İlk dəfə reytinqə azərbaycanlı yazıçı Varisin adı daxil edilib. O, xarici ölkə yazıçılarının siyahısında 113-cü, ümumi siyahıda isə 338-ci yeri alıb.
İlk üçlüyü Simona de Bovuar (Fransa), Elif Şafak və Rəşad Nuri Güntəkin (hər ikisi Türkiyə) tutan “Ən populyar 1000 yazar” reytinqində həmçinin Fyodor Dostoyevski, Viktor Hüqo, Con Steynbek, Cek London, Lev Tolstoy, Frans Kafka, Çarlz Dikkens, Emil Zolya, Ernest Heminquey kimi dünya şöhrətli klassiklərlə yanaşı, çağdaş dövrün Xalid Hüseyni, Dan Braun, Adam Fauer, Suzanna Kollinz, Paolo Koelyo, Qabriel Qarsia Markes, Joze Saramoqa kimi ən populyar yazarları da yer alıb.
Azərbaycanlı yazıçı Varisin İstanbulda 2013-cü ildə “Yetmiş yeddinci gün” və “Sənə inanıram”, bu ilin martında isə “Son məktub” romanları işıq üzü görüb. “Son məktub” “Ən populyar 1000 kitab” reytinqində 182-ci yerə yüksəlib.
“Ən populyar 1000 yazar”, “Ən populyar 1000 kitab” reytinqləri kitabların satış faizi, ekspertlərin qiymətləndirməsi və oxucu rəyləri əsasında formalaşır.