İyunun 10-da Səməd Vurğunun ev-muzeyində qələm sahiblərinə 2014-cü il üçün “Səməd Vurğun mükafatı”nın təqdim olunması mərasimi keçirilib. Səməd Vurğun Fondunun prezidenti və ev-muzeyinin direktoru Aygün Vəkilova tədbirdə çıxış edərək bildirib ki, mükafatın təsis edilməsində məqsəd ədəbi irsimizin öyrənilməsi, ədəbiyyat tariximizin araşdırılması və Səməd Vurğun poeziyasının incəliklərinin üzə çıxarılmasıdır.
Tədbirdə dahi şairin səsli videogörüntüsü və ümummilli lider Heydər Əliyevin Səməd Vurğunun “Azərbaycan” şeirini əzbər söyləməsini əks etdirən kadrlar nümayiş olunub. Sonra mükafatlar təqdim edilib.
“Səməd Vurğunun bədii dilinin izahlı lüğəti” kitabının ərsəyə gəlməsində əməyi olan filologiya elmləri doktoru, professor İsmayıl Məmmədli, filologiya üzrə fəlsəfə doktorları Fəridə Ləman və Salatın Əhmədli, həmçinin Salman Mümtaz adına Ədəbiyyat və İncəsənət Arxivinin direktoru Maarif Teymur, muzeyin fondunun baş mühafizi Xanım Şadlinskaya “Səməd Vurğun mükafatı” ilə təltif olunublar.