Azərbaycan Yazıçılar Birliyi (AYB), Beynəlxalq Mahmud Kaşğarlı Fondu və Avrasiya Yazarlar Birliyinin birgə təşkilatçılığı ilə III beynəlxalq Mahmud Kaşğarlı hekayə müsabiqəsi elan olunub. AYB-nin mətbuat xidmətindən bildiriblər ki, müsabiqəyə Azərbaycan da daxil olmaqla 20-dən artıq ölkənin yazıçıları əsərlərini təqdim edə bilərlər.
Müsabiqə iki turdan ibarət olacaq. Birinci tur ayrı-ayrı ölkələrin yazıçıları arasında keçiriləcək. Ölkələr üzrə mükafatlandırılma üç yerdən ibarətdir. Ölkələrdən birinci yeri tutanların əsərləri türk dilinə tərcümə ediləcək.
Yerlərdə əsərlər sentyabrın 30-dək təqdim edilə bilər. Qaliblərin adları isə noyabrın 1-də açıqlanacaq, mükafatlar sahiblərinə təqdim olunacaq.
Ölkələrarası mükafatların təqdim edilməsi mərasimi dekabrda Bakıda keçiriləcək. İştirakçılar müsabiqə üçün əsərlərini “525-ci qəzet”in redaksiyasına təqdim edə bilərlər. Yarışmaya ən çox iki hekayə təqdim etmək olar və hekayələrin 10-30 min işarə həcmində olması şərtdir.
Ölkələr üzrə birinci yer üçün 1000, ikinci yer üçün 750, üçüncü yer üçün 500 türk lirəsi məbləğində mükafat nəzərdə tutulub. Beynəlxalq mükafatlar isə 1-ci yer üçün 10000, sonrakı iki yer üçün 7500 və 5000 lirə təşkil edir. Beynəlxalq həvəsləndirici mükafatın məbləği 2500 lirədir. Müsabiqə Türkiyə Cümhuriyyəti Bakanlık Tanıtma Fondunun dəstəyi ilə keçirilir.