Sentyabrın 16-da AMEA-nın Nizami Gəncəvi adına Milli Azərbaycan Ədəbiyyatı Muzeyində görkəmli ədib, Xalq şairi, ictimai xadim Vaqif Səmədoğlunun 75 illiyinə həsr edilmiş ədəbi-bədii gecə keçirilib.

Tədbiri muzeyin direktoru, Milli Məclisin deputatı, akademik Rafael Hüseynov açaraq Vaqif Səmədoğlunun zəngin həyat yolu və ədəbi fəaliyyətindən bəhs edib. Xalq şairinin yeni əsərləri ilə ədəbiyyatımızı daha da zənginləşdirəcəyinə, xalqımızın milli-mənəvi dəyərlərinin qorunub yaşadılması naminə bundan sonra da bacarığını əsirgəməyəcəyinə əminliyini ifadə edib.
Tədbir çərçivəsində yubilyarın ingilis dilində nəşr edilmiş şeirlərindən ibarət toplunun da təqdimatı keçirilib.
Kitabın tərtibçisi, “Azərbaycan international” jurnalının baş redaktoru xanım Betti Blair Vaqif Səmədoğlu yaradıcılığı haqqında təəssüratlarını bölüşüb. Vurğulanıb ki, şairin 103 şeiri daxil edilən kitabı elektron formada da oxumaq mümkündür.
Xalq artistləri Ramiz Həsənoğlu, Fəxrəddin Manafov, Xalq şairi Fikrət Qoca və başqaları Vaqif Səmədoğlunun yaradıcılığı haqqında düşüncələrini bölüşüblər.
Tədbirdə şairin əsərlərinə bəstələnmiş nəğmələr səsləndirilib.
Şairin ömür və sənət yolundan bəhs edən, Milli Azərbaycan Ədəbiyyatı Muzeyinin “Ədəbi salnamə” yaradıcılıq studiyası tərəfindən hazırlanmış slayd-şou nümayiş etdirilib, ədibin sözlərinə bəstələnmiş yeni nəğmə də ilk dəfə təqdim olunub.
Sonda çıxış edən Vaqif Səmədoğlu ona göstərilən diqqət və qayğıya görə muzeyin rəhbərliyinə və mərasim iştirakçılarına minnətdarlığını bildirib.