Azərbaycan Respublikası Prezidentinin sərəncamı ilə qeyd olunan yubileylər


Rəfiq Zəka Xəndan - 75

Prezident İlham Əliyev sentyabrın 16-da tanınmış şair, ədəbiyyatşünas-alim və filosof, professor Rəfiq Zəka Xəndanın anadan olmasının 75 illiyi ilə əlaqədar sərəncam imzalayıb. Sərəncamda qeyd olunur ki, Rəfiq Zəka klassik poetik ənənələrin layiqli davamçısı kimi zəngin ədəbi fəaliyyəti dövründə meydana gətirdiyi əsərlərlə milli ədəbiyyata töhfələr verib. Onun yaradıcılığının əsas istiqamətini vətənə məhəbbət, tarixi-mədəni dəyərlərə bağlılıq, azərbaycançılıq və istiqlal ideyalarının tərənnümü təşkil edir.

Rəfiq Zəka Xəndan 1939-cu il iyunun 16-da Bakıda görkəmli ədəbiyyatşünas Cəfər Xəndanın ailəsində dünyaya göz açıb. Zəngin yaradıcılıq yolu keçən şair Əməkdar incəsənət xadimi fəxri adına, Dövlət mükafatına layiq görülüb. 1962-ci ildə şairin “Çağlayan” adlı ilk kitabı nəşr olunub. “Axırı yaxşı olar” (1968), “Mənim əziz vəhşiciyim” (1970) musiqili komediyalarını, eyni zamanda bəstəkar Cahangir Cahangirovun “Füzuli” və Əfrasiyab Bədəlbəylinin “Söyüdlər ağlamaz” operalarının mətnini yazıb.
Qeyd edək ki, müəllifin “Çağlayan” kitabında yer alan şeirlərin böyük bir qismi çox sevdiyi Mikayıl Müşfiq haqqındadır. Kitab ədəbi ictimaiyyət tərəfindən böyük rəğbətlə qarşılanır. Tənqidçilər, şairlər poeziya aləminə yeni nəfəsli bir qələm əhlinin gəldiyini bildirirlər. Rəfiq Zəka Xalq şairi Rəsul Rzanın və görkəmli ədəbiyyatşünas alim, akademik Məmməd Cəfərin diqqətini cəlb edir, məhz onların zəmanəti ilə Azərbaycan Yazıçılar İttifaqına üzv qəbul olunur.
Bədii yaradıcılıqla yanaşı, pedaqoji sahədə də fəaliyyət göstərən R.Z.Xəndan estetika mütəxəssisi kimi Mədəniyyət və İncəsənət Universitetində dərs deyib. Uzun illərin axtarışlarının nəticəsi olaraq “Məhəmməd Hadi”, “Cavid sənəti” və “Müşfiq incəlikləri” monoqrafiyalarını yazıb.
Şair heca və əruz vəznlərində bir-birindən maraqlı əsərlər qələmə alıb. Əsərlərinin mövzu və qayəsini türkçülük, vətən sevgisi, məhəbbət və qəhrəmanlıq təşkil edib. “Səadət”, “ Vətən kimlərindir?”, “Meşədə”, “Altı gül”, “Baharın heykəli”, “Könlümün yadigarı”, ümumilikdə 30-dək kitabı işıq üzü görən müəllifin əsərləri müxtəlif dillərə tərcümə edilib.
Rəngarəng yaradıcılığı barədə müxtəlif illərdə Rəsul Rza, Süleyman Rüstəm, Mirzə İbrahimov, Məmməd Cəfər, Əli Vəliyev, Əfrasiyab Bədəlbəyli, Cabir Novruz, İslam Səfərli və başqa görkəmli sənət adamları məqalələr yazıb, ürəkdolusu xoş sözlər söyləyiblər. Xalq yazıçısı Mirzə İbrahimov onun haqqında yazıb: “Rəfiq Zəka əlinə qələm aldığı gündən gənclik ehtirası ilə şeir və gözəllik məftunu olduğunu sübut edib. Şeirlərində canlı xalq dilinə bağlılıq, axıcılıq və səlislik nəzərə çarpır. Hafizəsinin kəskinliyini, zəngin Şərq ədəbiyyatını dərindən duyduğunu, sənət haqqında ehtiraslı düşüncələrə malik olduğunu görməmək mümkün deyil”.
Onun əsərləri, ideyaları vətəni ilə yanaşı, türk dünyasında da tanınıb və sevilib. Klassik Şərq ədəbiyyatını, ərəb və fars dillərini, eləcə də Türkiyə türkcəsini dərindən bilən Rəfiq Zəka türk dünyasının görkəmli söz ustadları haqqında monoqrafiyalar nəşr etdirib. Dəfələrlə qardaş ölkənin bir çox şəhərlərində keçirilən elmi konqreslərdə, beynəlxalq konfranslarda və simpoziumlarda iştirak edib. Ötən əsrin 80-90-cı illərində Azərbaycan-Türkiyə ədəbi əlaqələrinin inkişafında mühüm rol oynayıb. Türkiyə mətbuatı səhifələrində azərbaycanlı şair və yazıçılar haqqında maraqlı yazılar dərc etdirib. Türkiyədə kitabları çap olunub, haqqında monoqrafiyalar nəşr edilib, yaradıcılığından məhəbbətlə və böyük qürurla söz açılıb. “Sizə”, “Tanıtım” və “Türkiyə” jurnallarının redaksiya heyətinin üzvü olub. Türkiyə Folklor Akademiyasının fəxri akademiki seçilən alim Atatürk mükafatı kimi yüksək fəxri təltifə layiq görülüb.
R.Z.Xəndan eyni zamanda gözəl dramaturq olub, dünya klassik ədəbiyyatı nümunələrini dilimizə tərcümə edib. Onun könlündən süzülən misralar tanınmış bəstəkar tərəfindən nəğmələrə çevrilir, ürəklərə yol tapırdı. Bu mahnılardan “Ana Kür”, “Səadət”, “Qarabağım” bu gün də müğənnilərin repertuarında geniş yer alır.
Türk şairi Əbdülhəqq Hamidin beş min misralıq “Məqbər” poemasını əzbər bilməsi onun böyük hafizə sahibi olmasından soraq verir.
Rəfiq Zəka görkəmli şair və yazıçılardan Məhəmməd Füzuli, İmadəddin Nəsimi, Məhəmməd Hadi Hüseyn Cavid, Mirzə Ələkbər Sabir, Səməd Vurğun, Məhəmmədhüseyn Şəhriyar, Mikayıl Müşfiq, Süleyman Rüstəm, eləcə də türkiyəli müəlliflərdən Namiq Kamal, Tofiq Fikrət, Rza Tofiq, Yəhya Kamal, Faruk Nafiz, Nazim Hikmət, Orxan Seyfi və başqalarının yaradıcılığını dərindən mənimsəmişdir. Hər kəs onun bu kəskin, iti hafizəsindən maraq və heyrətlə bəhs edirdi.
Rəfiq Zəka türkçü ideyaların məşhur ifadəçilərindən biri olub. Türkçülüyün yasaq olunduğu sovetlər dönəmində ədəbi məclislərdə milli ruhlu şeirlər söyləyib. Müəllifin “Vətən kimlərindir?” şeiri bu cəhətdən xarakterik örnəkdir:

Vətən kimlərindir? - soruşdu Xəndan,
Söylədim: - Müqəddəs nə var ki ondan?
Duy onu könüldən, sev onu candan,
O, candan, könüldən heyranlarındır.

Vətən - qumsalları dindirənlərin,
Səhranı dəryaya döndərənlərin,
Şimşəyi əliylə söndürənlərin,
Zülməti köksüylə yaranlarındır!


Xalq şairi Hüsey Arif onun yaradıcılığından bəhs edərkən yazıb: “Rəfiq Zəka şeirlərini sakit, həyəcansız oxumaq mümkün deyil. Bu şeirlərdə həzin bir musiqi dolaşır”. Onun həm də Cəfər Xəndana layiqli bir övlad olduğunu deyib:

Xəndan ocağında Xəndanlı övlad,
Sinəsi nəğməli, dastanlı övlad,
Ən böyük dövlətdir vicdanlı övlad,
Budur baş bildiyim baş bu dünyada.


Doğrudan da, R.Z.Xəndanın yaradıcılığı başdan-başa ayrılıq nisgili, yurd, vətən həsrəti, həmçinin birlik, bütövlük arzusu, yanğısı ilə zəngindir. Soy-kökə, türklüyə vurğunluq onun şeirlərinin mayasını təşkil edir:

Ey Zəka, millətimin mən quluyam,
Millətimin qayğılarıyla doluyam.
Nə qədər bizlər üçün duyğuluyam,
O qədər yadlar üçün qorxuluyam.


Vətənin min bir dərdinə dərman eşqiylə qələm çalan, bunu dilinin virdinə çevirən sənətkar 1999-cu il yanvarın 7-də, yaradıcılığının alovlu, ideallarının bəhərli çağında bu dünyadan köçüb.

Savalan Fərəcov