Sentyabrın 24-də Üzeyir Hacıbəylinin ev-muzeyində tanınmış yazıçı-publisist Mustafa Çəmənlinin “Sənət hekayələri” kitabının təqdimat mərasimi oldu.

Tədbiri muzeyin direktoru, Əməkdar incəsənət xadimi Sərdar Fərəcov açaraq bildirdi ki, Üzeyir Hacıbəyli VI Beynəlxalq Musiqi Festivalı ilə bağlı silsilə tədbirlər davam edir. Qeyd olundu ki, bu tədbirlərdən biri də “Sənət hekayələri” kitabının təqdimatına həsr olunub: “Çünki kitab demək olar ki, bütünlüklə Azərbaycanın görkəmli musiqi və sənət xadimlərindən bəhs edir. Kitabda müəllifin son otuz beş ildə yazdığı sənədli hekayələr, portret-oçerkləri və xatirələri toplanıb. Ensiklopedik xarakterli kitab milli mədəniyyətimizin böyük və çox maraqlı bir dövrünü özündə əks etdirir”.
Yazıçı-dramaturq Əli Əmirli bildirdi ki, kitabın təqdimatının Üzeyir Hacıbəylinin ev-muzeyində keçirilməsi təsadüfi deyil. Çünki Mustafa Çəmənli Üzeyir Hacıbəylinin yaradıcılığı haqqında dəyərli araşdırmaların müəllifidir. Dəyərli publisist yazıları ilə bərabər, maraqlı tarixi romanlar qələmə alıb. Mustafa Çəmənlinin “Ölüm mələyi”, “Xallı gürzə” romanı oxucular tərəfindən maraqla qarşılanıb. Azərbaycanın Milli Qəhrəmanı Mübariz İbrahimov haqqında yazdığı “Mübariz” povesti gənclərin vətənpərvərlik ruhunda tərbiyə olunmasında çox önəmli əsərdir.
Yazıçılar Birliyinin katibi, “525-ci qəzet”in baş redaktoru Rəşad Məcid qeyd etdi ki, Mustafa Çəmənli, doğrudan da, çox zəhmətkeş araşdırıcıdır. Onun publisistik yazıları xalqımızın sənət korifeylərindən və maraqlı sənət adamlarından bəhs edir. Bu silsilə araşdırma yazılar milli-mənəvi dəyərlərimiz haqda gələcək nəslin maariflənməsində dəyərli mənbədir.
Xalq artistləri Roza Cəlilova, Ramiz Quliyev, Əməkdar artist, diktor Əli Məmmədov, professorlar Telman Ağdamski, Aqşin Babayev, yazıçı Təranə Vahid “Sənət hekayələri” kitabının məziyyətlərindən maraqla danışdılar. Müəllifə gələcək yaradıcılıq yollarında yeni uğurlar arzu etdilər.

Savalan Fərəcov