Tədbir çərçivəsində beynəlxalq fotomüsabiqənin qalibləri mükafatlandırılıb

Aprelin 25-də Bakı Konqres Mərkəzində BMT-nin Sivilizasiyalar Alyansının VII Qlobal Forumu çərçivəsində ideyalar yarmarkası və gənclər sərgisinin açılışı keçirildi.
Sərgidə müxtəlif ölkələrdən olan gənclər maraqlı ideya və layihələrlə iştirak edirdilər. Həmçinin dünyanın müxtəlif ölkələrinin gənc rəssam və fotoqraflarının əsərləri nümayiş olunurdu. Əsərlər dünyada sülhə çağırış, birgəyaşam və mədəniyyətlərarası dialoqun gücləndirilməsinə həsr olunub.
Tədbirdə həmçinin “Mədəniyyətlərarası dialoq gənclərin gözü ilə” mövzusunda beynəlxalq fotomüsabiqənin qalibləri mükafatlandırıldı.
Müsabiqə Mədəniyyət və Turizm və Gənclər və İdman nazirlikləri tərəfindən birgə təşkil olunub.
Gənclər və idman naziri Azad Rəhimov çıxış edərək bu cür mötəbər tədbirlərdə gənclərin iştirakını yüksək dəyərləndirdi. Bildirdi ki, müsabiqəyə 97 ölkədən 900-dək gənc fotolarını təqdim edib. Müsabiqənin keçirilməsinin məqsədi gənclər arasında mədəni müxtəliflik, tolerantlıq, qarşılıqlı anlaşma kimi dəyərlərin inkişaf etdirilməsi, mədəniyyətlər və dinlərarası dialoqun təşviqidir.
Sonra fotomüsabiqənin qalibləri elan edildi. Müsabiqədə birinci yerə İspaniya, ikinci yerə Misir, üçüncü yerə isə Azərbaycan və Pakistandan olan fotoqraflar layiq görüldü. Qaliblərə diplomlar təqdim olundu.