Bakıda beynəlxalq elmi konfrans keçirilir

Mayın 3-də Bakı Slavyan Universitetində (BSU) “Ulu öndər Heydər Əliyev irsində multikultural və tolerant dəyərlər” mövzusunda beynəlxalq elmi konfrans işə başlayıb. Bakı Beynəlxalq Multikulturalizm Mərkəzi, Təhsil Nazirliyi, Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi və Azərbaycan Milli Elmlər Akademiyası ilə birgə təşkil olunan konfrans ümummilli liderin anadan olmasının 93-cü ildönümünə həsr edilib.
Konfransda çıxış edən Azərbaycan Respublikasının millətlərarası, multikulturalizm və dini məsələlər üzrə Dövlət müşaviri, akademik Kamal Abdulla ölkəmizdə tarixən mövcud olan multikultural və tolerant mühitdən, əsası ulu öndər tərəfindən qoyulmuş dövlət-din münasibətlərinin inkişaf etdirilməsi istiqamətində görülən işlərdən söz açıb. Prezident İlham Əliyevin 2016-cı il 11 yanvar tarixli sərəncamı ilə 2016-cı ilin Azərbaycanda “Multikulturalizm ili” elan edildiyini xatırladan akademik ölkəmizdə multikulturalizmin artıq alternativi olmayan həyat tərzinə çevrildiyini söyləyib.
Digər çıxış edənlər də tarixi İpək Yolunda yerləşən Azərbaycanın müxtəlif sivilizasiyaların qovuşduğu məkan olaraq, əsrlər boyu milli-mədəni rəngarənglik mühitinin formalaşdığı, ayrı-ayrı millətlərin və konfessiyaların nümayəndələrinin sülh, əmin-amanlıq, qarşılıqlı anlaşma və dialoq şəraitində yaşadığı diyar kimi tanındığını vurğulayıblar.
Plenar iclasdan sonra konfrans işini “Heydər Əliyev irsi və Azərbaycan multikulturalizm modeli”, “Müasir Azərbaycanda multikultural cəmiyyət”, “Azərbaycan tarixi və mədəniyyəti”, “Azərbaycan dili”, “Azərbaycan ədəbiyyatı”, “Müasir Azərbaycan ulu öndər Heydər Əliyev ideyaları işığında” bölmələri üzrə davam etdirib.
Konfrans mayın 5-də başa çatacaq.