Mayın 4-də Azərbaycan Milli Kulinariya Mərkəzinin 25 illik yubileyi təntənəli şəkildə qeyd olundu. Mədəniyyət və Turizm Nazirliyi, Azərbaycan Milli Kulinariya Mərkəzi (AMKM) və Azərbaycan Milli Kulinariya Assosiasiyasının (AMKA) birgə təşkil etdiyi tədbirdə rəsmilər, ölkəmizdə fəaliyyət göstərən diplomatik korpusun təmsilçiləri, 20-dən çox şəhər və rayondan qonaqlar, tanınmış kulinarlar iştirak edirdilər.

Tədbir iştirakçıları əvvəlcə aşpaz və qənnadıçıların AMKM-nın 25 illik yubileyi münasibəti ilə hazırladıqları mətbəx nümunələrinə baxdılar. Burada mərkəzin fəaliyyətini əks etdirən fotolar da nümayiş olunurdu.
Mərasimdə çıxış edən mədəniyyət və turizm naziri Əbülfəs Qarayev bildirdi ki, bu gün Azərbaycan xalqının yaratdığı tarixi abidələrin, maddi və qeyri-maddi mədəniyyət nümunələrinin dünya miqyasında tanıdılması ölkəmizin müstəqillik əldə etməsinin nəticəsidir: “Azərbaycan müstəqillik əldə etmədən öncə milli kulinariyanın təbliği və inkişafı haqqında düşünmək, milli dəyərləri tanıtmaq çətin idi. Müstəqillik əldə etdikdən sonra bütün sahələr kimi, milli kulinariya da bu sahədə öz sözünü deməyə başladı. Baxmayaraq ki, 25 il o qədər də böyük vaxt deyil, amma bu dövr ərzində Milli Kulinariya Mərkəzi ölkəmizin zəngin mətbəxinin tanıdılması üçün səmərəli fəaliyyət göstərib. Azərbaycan xalqının qədim dövrlərdən qoruyub saxladığı, və gündən-günə inkişaf etdirdiyi mətbəx nümunələri bu gün dünya səviyyəsində tanıdılır, təbliğ olunur”.
Nazir vurğuladı ki, mərkəz beynəlxalq festivallarda ölkəmizi uğurla təmsil edir, kulinarlarımız müxtəlif yarışmalardan qələbə ilə qayıdırlar. Dünyanın bir çox ölkəsi Azərbaycanın zəngin mətbəxindən xəbərdardır. Bu, 25 ilin uğuru olmaqla yanaşı, Prezident İlham Əliyevin və ölkəmizin birinci xanımı, Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyevanın mədəni irsimizin təbliğinə diqqət və qayğısının nəticəsidir. Azərbaycan mədəniyyəti dünya mədəni irsinin ayrılmaz bir hissəsinə çevrilib. Xalqımızın yaratdığı maddi və qeyri-maddi mədəni irs nümunələrinin UNESCO-nun siyahılarına salınması zəngin mədəniyyətinin tanıdılmasına töhfədir.
Əbülfəs Qarayev bildirdi ki, işğalçı Ermənistan tərəfindən təkcə torpaqlarımız və tarixi abidələrimiz qəsb edilməyib, eləcə də mətbəx nümunələrimizə qarşı belə cəhdlər olur: “Məlum olduğu kimi, bədnam qonşularımız tərəfindən bir sıra milli yeməklərimiz, həmçinin, ötən il bütün Şərqdə hazırlanan lavaşı mənimsəməyə səy göstərildi. Onlar lavaşın qeyri-mədəni irs kimi UNESCO-nun siyahısına daxil edilməsi üçün müraciət etdilər. Bu, təcavüz deyilmi?! Ona görə də Azərbaycan tərəfi digər dövlətlərin nümayəndələri ilə birlikdə lavaşın bütün Şərqə məxsus olması barədə sübutlar təqdim etdi və biz bu haqsızlığın qarşısını aldıq”.
O da diqqətə çatdırıldı ki, hazırda türk dünyasına məxsus olan dolmanın bişirilmə ənənələrinin UNESCO-nun qeyri-maddi mədəni irs siyahısına daxil edilməsi üçün fayllar hazırlanır.
Nazir Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyevanın AMKM-in 25 illiyi münasibətilə təbrik məktubunu mərkəzin direktoru Tahir Əmiraslanova təqdim etdi.
Sonra Prezident İlham Əliyevin 21 aprel 2016-cı il tarixli sərəncamı diqqətə çatdırıldı və milli mətbəx mədəniyyətinin təbliğində səmərəli fəaliyyətlərinə görə təltif olunmuş Oruc Əliyev və Tahir Əmiraslanova “Əməkdar mədəniyyət işçisi” fəxri adının nişan və vəsiqəsi təqdim edildi.
AMKM-in direktor müavini Ceyran Əsgərova və mərkəzin baş kulinarı Nailə Mürsəlova Mədəniyyət və Turizm Nazirliyinin “Fəxri mədəniyyət işçisi” döş nişanına, mərkəzin baş mühəndis texnoloqu Tünzalə Məmmədazdə, qurumun idarə heyətinin üzvləri Elnurə Quliyeva və Anar Qasımov “Fəxri turizm işçisi” döş nişanına layiq görüldülər. Həmçinin bir qrup kulinar nazirliyin fəxri fərmanları ilə təltif olundu.
Milli Kulinariya Mərkəzinin direktoru Tahir Əmiraslanov qurumun 25 illik fəaliyyəti haqqında hesabat məruzə ilə çıxış etdi. Bildirdi ki, AMKM yarandığı gündən Azərbaycan mətbəxinin tədqiqində, əhalinin kulinariya sahəsində maarifləndirilməsində, kulinariya mədəniyyəti və təcrübəsinin yayılmasında, milli mətbəx nümunələrinin toplanması, tanıdılması və təbliği istiqamətində mühüm işlər görüb. Mərkəzin keçmiş SSRİ məkanından Ümumdünya Kulinariya Təşkilatları Birliyinə (ÜKTB) 1992-ci ildə daxil olan ilk təşkilat olduğunu vurğuladı. Bildirildi ki, ümummilli lider Heydər Əliyev 1994-cü ildə ÜKTB-nin Dünya Konqresinə məktubla müraciət edərək, Azərbaycanla əməkdaşlığı irəli sürüb. AMKM bu gün artıq 100 ölkənin üzv olduğu bu dünya qurumunun rəhbərliyində təmsil edilir. Ötən 25 ildə beynəlxalq yarışlardan ölkəmizə yüzlərlə qızıl, gümüş, bürünc medal, həmçinin Dünya Kulinariya Kuboku gətirilib. Təşkilatın nailiyyətlərindən biri də “Azərbaycan mətbəxi” kitabının dünyada birinci yerə çıxmasıdır.
Tahir Əmiraslanov həmçinin Heydər Əliyev Fondunun Prezidenti Mehriban Əliyevanın AMKM-in 25 illiyinə ünvanlanmış təbrik məktubunu səsləndirdi.
Digər çıxış edənlər AMKM-in keçdiyi yola nəzər yetirərək, Azərbaycan mətbəxinin toplanması, tədqiqatı, təbliği və qorunması istiqamətində əldə etdiyi nailiyyətlərdən danışdılar.

Fariz