Mayın 6-da Bülbülün memorial muzeyində Azərbaycanın musiqi beşiyi Şuşanın işğalının 24-cü ildönümü ilə əlaqədar “Şuşa həsrəti” adlı tədbir keçirilib.
Muzeyin direktoru Fərqanə Cabbarova 1992-ci il mayın 8-də gecə erməni hərbi birləşmələrinin Şuşa şəhərini işğal etməsi, işğal nəticəsində şəhərin zəngin mədəni irsinin də talan edildiyini diqqətə çatdırıb.
Qeyd olunub ki, düşmən qədim şəhərimizdə Azərbaycan mədəniyyətinin, Azərbaycan xalqının izlərini silmək məqsədilə bir sıra ağlasığmaz cinayətlərə əl atıb, tarixi-mədəni abidələri darmadağın edib. Şuşa Rayon Mədəniyyət və Turizm Şöbəsinin müdiri Zahid Abbasov Şuşa ilə bağlı xatirələrini tədbir iştirakçıları ilə bölüşüb, torpaqlarımızın tezliklə geri qaytarılacağına əminliyini vurğulayıb.
Tədbir Azərbaycan Milli Konservatoriyasının nəzdində Musiqi Kollecinin şagirdlərinin, “Miras” Mədəni İrsin Öyrənilməsinə Kömək İctimai Birliyi və “Aytam” Uşaqların Mədəni Maarifləndirilməsi İctimai Birliyi üzvlərinin ifası və çıxışları ilə davam edib.
Sonda muzeyin arxivində saxlanılan materiallar əsasında hazırlanmış Şuşa haqqında videorolik nümayiş olunub.