Ötən illərdə 5 mindən çox məzunu olan tədris ocağı ölkəmizdə turizmin inkişafına böyük töhfə verib

Mayın 19-da Mədəniyyət və Turizm Nazirliyinin Mingəçevir Turizm Kollecinin 10 illik yubileyi təntənə ilə qeyd olunub.
Tədbir iştirakçıları əvvəlcə ulu öndər Heydər Əliyevin xatirəsini ehtiramla yad edərək abidəsi önünə gül dəstələri düzüblər.

Mədəniyyət və turizm naziri Əbülfəs Qarayev, Azərbaycan Turizm və Menecment Universitetinin rektoru Cəfər Cəfərov, Mingəçevir Şəhər İcra Hakimiyyətinin başçısı Niyazi Bayramov kollecin maddi-texniki bazası və tədris-təlim prosesi ilə tanış olub, müəllim və tələbələrlə görüşüb, kollektivi yubiley münasibətilə təbrik edərək ən xoş arzularını çatdırıblar. Ötən 10 il ərzində təhsil ocağının fəaliyyətindən və qazandığı uğurlardan bəhs edən videoçarx nümayiş olunub.
Sonra Mingəçevir Dövlət Dram Teatrında təntənəli yubiley mərasimi keçirilib. Tədbir iştirakçıları burada kollecin tələbələrinin əl işlərindən ibarət sərgiyə baxıblar.
Mərasimdə çıxış edən Mingəçevir Turizm Kollecinin direktoru, professor Əyyub Əyyubov ölkəmizdə turizm sahəsi üçün ixtisaslı kadrlar hazırlayan təhsil ocağının ötən 10 il ərzində gördüyü işlər, əldə etdiyi uğurlar barədə məlumat verib.
Bildirib ki, hər bir sahənin inkişafı məhz güclü maddi-texniki bazadan, intellektual və bacarıqlı kadr potensialının yetişdirilməsindən asılıdır. Bu baxımdan Mingəçevir Turizm Kolleci hətta müvafiq ali məktəblərlə rəqabət apara bilər. Kollecdə tədris və təlim-tərbiyə işləri müasir dövrün tələbləri səviyyəsində qurulub.
Təhsil ocağının kollektivi hər il Bakıda keçirilən Azərbaycan beynəlxalq “Turizm və səyahətlər” sərgisində və digər mötəbər tədbirlərdə uğurla təmsil olunur. Kollec xarici ölkələrin təhsil ocaqları ilə əlaqələrini ildən-ilə genişləndirir.

Hazırda 12 ixtisas üzrə 1823 tələbənin təhsil aldığı Mingəçevir Turizm Kolleci Türkiyə, Böyük Britaniya, Qazaxıstan, Şotlandiya, Rusiya, Rumıniya, Fransa, Avstriya və Ukraynanın turizm üzrə ali və orta ixtisas məktəblərinin təcrübəsini öyrənir, kollecin müəllimləri beynəlxalq təhsil proqramlarında iştirak edərək böyük təcrübə əldə edirlər. Artıq 10 ildir ki, təhsil ocağında turizmin, mehmanxana təsərrüfatının təşkili və idarə edilməsi, bədən tərbiyəsi və idman, xarici dil, ibtidai sinif müəllimliyi, mühasibat uçotu, turist, sanatoriya və kurort komplekslərində tibbi xidmətin təşkili, dekorativ-tətbiqi sənət və xalq sənəti, reklam işi, muzey işi və abidələrin mühafizəsi, dizayn və digər ixtisaslar üzrə kadrlar hazırlanır.
Ötən 10 il ərzində kolleci bitirmiş 5 mindən çox məzun hazırda turizm sahəsində uğurla çalışır. Tələbələr 20-dən çox şəhər və rayondakı hotel və turist-sanatoriya komplekslərində, istirahət mərkəzlərində təcrübə-təlim kurslarına cəlb edilib, onların ingilis dili və kompüter proqramlarını öyrənməsinə üstünlük verilir. Ölkəmizdə turizm sahəsində ixtisaslı kadrlara tələbatın artması nəzərə alınaraq, növbəti tədris ilində kollecdə yeni ixtisasların açılması planlaşdırılır.
Mədəniyyət və turizm naziri Əbülfəs Qarayev çıxış edərək ölkəmizdə turizmin inkişafı istiqamətində görülən işlərdən, qazanılan uğurlardan danışıb. Bildirilib ki, turizmin inkişafını prioritet hesab edən Prezident İlham Əliyevin tapşırıqlarına uyğun olaraq ölkəmizdə bu istiqamətdə davamlı tədbirlər həyata keçirilir. Regionlarda da turizm infrastrukturunun genişləndirilməsi prosesi sürətlə gedir. Dövlətimizin başçısının regionlarda mehmanxana və digər turizm obyektlərinin açılışında iştirakı onun bu sahəyə yüksək diqqətinin göstəricisidir. Hər il ölkəmizdə 40-a yaxın hotel istifadəyə verilir və bu proses davam etməkdədir.
Mingəçevir Turizm Kollecinin ixtisaslı kadrlar yetişdirməklə ölkəmizdə turizmin inkişafına böyük töhfə verdiyini qeyd edən nazir kollecin 10-dan çox ölkənin turizm üzrə ali və orta ixtisas təhsili müəssisələri ilə sıx əməkdaşlıq etməsini, beynəlxalq təhsil proqramlarından bəhrələnməsini qazanılan uğurlarda vacib rol oynadığını vurğulayıb.
Kollecin ötən 10 ildəki fəaliyyətini yüksək qiymətləndirən Əbülfəs Qarayev təhsil ocağının müəllim və tələbələrini yubiley münasibətilə təbrik edib, onlara daha böyük uğurlar arzulayıb.
Mingəçevir Şəhər İcra Hakimiyyətinin başçısı Niyazi Bayramov, Azərbaycan Turizm və Menecment Universitetinin rektoru Cəfər Cəfərov çıxış edərək Mingəçevir Turizm Kollecinin ölkəmizdə nüfuzlu təhsil ocaqlarından biri olduğunu bildirib, yubiley münasibətilə müəllim və tələbələri, məzunları təbrik ediblər.
Sonra kolleclə Zərdabi Mətbuat Mərkəzinin birgə təşkil etdiyi “Azərbaycan turizm diyarıdır” müsabiqəsinin qaliblərinin mükafatlandırılması mərasimi olub. Mingəçevir Turizm Kolleci adından nazir Əbülfəs Qarayevə xatirə hədiyyəsi təqdim edilib.
Yubiley mərasimi kollecin tələbələri və yerli incəsənət ustalarının iştirakı ilə təşkil olunan konsert proqramı ilə başa çatıb.