Xəbər verdiyimiz kimi, ABŞ-ın Nyu-York şəhərinin Bruklin rayonundakı “Master” teatrının binasında “Qafqaz irsi” festivalı keçirilib. Festival Bruklin-Bakı Dostluq Assosiasiyasının təşkilatçılığı və Bruklin meri Erik Adamsın dəstəyi ilə gerçəkləşib.
Tədbir haqqında ABŞ-da bir sıra mətbuat orqanlarında materiallar dərc edilib.
Amerikada rusdilli icmanın nəşr etdirdiyi dərgidə də festival haqqında məqalə verilib.
Marina Laqunovanın “Bruklində mədəni irs aylığı” başlıqlı məqaləsində tədbirin əhəmiyyətindən söz açılır. Amerikada ilk dəfə təşkil edilən festivalın bundan sonra hər il keçirilməsinin planlaşdırıldığı bildirilir.
Müəllif qeyd edir ki, bu festival Qafqazdan Amerikaya köçüb burada yaşayan ailələrin yeni nəslə öz mədəniyyətlərini tanıtmaq və bununla fəxr etmək üçün əlavə imkan yaradır. Həmçinin doğma vətənlərindən uzaqda yaşayan gənc nəslin mədəni tərbiyəsində də bu tip festivalların önəmli yeri var. Yazıda mədəniyyətlərin qovuşması, mədəni dialoq, adətlərin öyrənilməsi, təbliği təqdirəlayiq hal kimi qiymətləndirilir.
Müəllif bildirir ki, tədbirdə çıxış edən mer E.Adams Bruklini “Amerikanın Bakısı” adlandıraraq burada bir çox mədəniyyətin təmsilçilərinin sülh və əmin-amanlıq şəraitində birgə yaşadığını deyib. Eyni zamanda Bruklin meri bəyanatında hər ilin may ayının Bruklində “Qafqaz irsi ayı” elan edilməsini diqqətə çatdırıb.
Qeyd edək ki, festivalda “My Way” uşaq və gənclərin inkişaf mərkəzi, “Pesvebi” gürcü mədəniyyət mərkəzi, “İberians” rəqs ansamblı və “Crane Musiqi Teatrı”nın yetirmələri Azərbaycan, gürcü və digər milli rəqslərdən ibarət rəngarəng proqramla çıxış ediblər.