“Biz istəyirik ki, İslam Həmrəylik Oyunları gələn il bütün dünyaya nümayiş etdirsin ki, islam aləmi birliyə, sülhə, sabitliyə çağırır”

İyunun 8-də Prezident İlham Əliyev müqəddəs Ramazan ayı münasibətilə müsəlman ölkələrinin Azərbaycandakı diplomatik nümayəndəliklərinin və beynəlxalq təşkilatlarının rəhbərlərini qəbul edib.

Diplomatları salamlayan dövlətimizin başçısı Ramazan ayında bu cür görüşlərin artıq gözəl ənənəyə çevrildiyini deyib. Prezident Azərbaycanda müsəlman ölkələrinin səfirliklərinin sayının artmasından məmnunluğunu bildirib: “Bu, bizim dostluğumuzu, həmrəyliyimizi göstərir. Təmsil etdiyiniz ölkələrlə Azərbaycanın çox sıx əlaqələri vardır. Biz həm ikitərəfli, həm də çoxtərəfli formatda uğurlu əməkdaşlıq edirik. Müsəlman ölkələri ilə əməkdaşlıq bizim xarici siyasətimizin prioritet istiqamətlərindən biridir. Biz, eyni zamanda, beynəlxalq təşkilatlar çərçivəsində uğurlu əməkdaşlıq edirik və daim bir-birimizi dəstəkləyirik”.
Prezident müsəlman ölkələrinin Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin ədalətli, ölkəmizin ərazi bütövlüyü çərçivəsində həlli üçün göstərdikləri dəstəyi yüksək qiymətləndirib: “Ermənistan bizə qarşı etnik təmizləmə siyasəti aparmışdır, Xocalı soyqırımı törədilmişdir. İşğal edilmiş torpaqlarımızda bütün tarixi-dini abidələrimiz ermənilər tərəfindən dağıdılıb. Bu barədə bu yaxınlarda xarici jurnalistlər də məlumat vermişlər və fotomateriallar təqdim etmişlər. Bununla bərabər, Ermənistanın rəhbərliyi Avropa ölkələrində olarkən daim münaqişə ilə bağlı həm təhrif edilmiş məlumatları ötürür, eyni zamanda, bu münaqişəyə dini don geyindirməyə çalışır. Bu, böyük riyakarlıqdır. Siz - Azərbaycanda yaşayan insanlar yaxşı bilirsiniz ki, Azərbaycanda dini, milli zəmində heç vaxt heç bir münaqişə, yaxud da ki, anlaşılmazlıq olmamışdır. Azərbaycanda məscidlərlə bərabər, kilsələr, sinaqoqlar tikilir. Ona görə Ermənistan prezidentinin və digər şəxslərin belə ucuz, nalayiq çıxışları, əlbəttə, bir daha demək istəyirəm ki, riyakarlığın təzahürüdür”.
Dövlət başçısı Azərbaycanın dünyada islam həmrəyliyinin güclənməsi üçün çox böyük səylər göstərdiyini vurğulayıb: “Biz açıq şəkildə müxtəlif səviyyələrdə, ən yüksək səviyyələrdə bu məsələ ilə bağlı öz sözümüzü deyirik, islamofobiyanı pisləyirik və öz nümunəmizi təqdim edirik. İslamofobiya həm müsəlman ölkələri və xalqları, eyni zamanda, bu çirkin meyillərə rəvac verənlər üçün də təhlükədir. Bu, qarşıdurmanı daha da dərinləşdirir, qarşılıqlı inamsızlığı artırır. Azərbaycanda bütün dinlərin nümayəndələri rahat, bir ailə kimi, sülh şəraitində yaşayırlar. Biz qardaşlıq, dostluq şəraitində yaşayırıq. Nümayiş etdiririk ki, multikulturalizm dəyərləri yaşayır və yaşamalıdır. Bildiyiniz kimi, bu il Azərbaycanda “Multikulturalizm ili” elan edilmişdir. BMT-nin Sivilizasiyalar Alyansının bu il Azərbaycanda Qlobal Forumunun nəticələri bir daha onu göstərir ki, Azərbaycan bu yolda çox böyük uğurlara imza atıb.
Ötən il Bakıda birinci Avropa Oyunları keçirildi, gələn il isə İslam Həmrəylik Oyunları keçiriləcək. Əminəm ki, İslam Həmrəylik Oyunları tarixdə təkcə idman yarışı kimi qalmayacaq. Biz istəyirik ki, İslam Həmrəylik Oyunları gələn il bütün dünyaya nümayiş etdirsin ki, islam aləmi birliyə, sülhə, sabitliyə çağırır. Eyni zamanda, əminəm ki, bu Oyunlar islam mədəniyyətinin təzahürü olacaqdır.
İslam Həmrəylik Oyunlarından bir il sonra - 2018-ci ildə qədim Azərbaycan şəhəri Naxçıvan “İslam mədəniyyətinin paytaxtı” missiyasını icra edəcək. Bir sözlə, biz Azərbaycanda çalışırıq ki, islam ölkələri arasındakı birliyi daha da gücləndirək. Biz bu istiqamətdə səylərimizi davam etdirəcəyik”.
Mərakeş Krallığının Azərbaycandakı səfiri Həsən Hami çıxış edərək ölkəmizdəki inkişaf və istiqrarı yaxından izlədiklərini bildirib: “Biz uzun müddət ərzində Azərbaycanın müxtəlif sahələrdə böyük inkişafını məmnuniyyətlə izləmişik və hazırkı qlobal iqtisadi vəziyyətə baxmayaraq, ölkənizin iqtisadiyyatı artmaqda davam edir. Bir çox sahələrdə layihələrin həyata keçirilməsi uğurla davam edir. 2012-ci ildə Azərbaycanda “Eurovision” mahnı müsabiqəsi və 2015-ci ildə birinci Avropa Oyunları təşkil olundu. Gələn il Bakıda İslam Həmrəylik Oyunları keçiriləcək. Bu, çox böyük nailiyyətdir. Bütün bunlar Azərbaycanın zəngin mədəniyyətinə və sivilizasiyasına sadiqliyi nümayiş etdirməklə bərabər, ölkənin müasirləşdirilməsi ilə bağlı möhtəşəm plan kimi qəbul olunur”.
Görüşdən sonra xatirə şəkli çəkdirilib.