Elektron nəşrin təqdimatı keçirilib

İyunun 9-da Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsinin Prezident Kitabxanasında “Mehriban Əliyeva. Azərbaycanın birinci xanımının fəaliyyəti mətbuat səhifələrində” adlı elektron nəşrin təqdimat mərasimi keçirilib.

Mərasimdə çıxış edən Prezident Kitabxanasının direktoru Mayıl Əhmədov Mehriban Əliyevanın Azərbaycanın birinci xanımı, Heydər Əliyev Fondunun prezidenti, Milli Məclisin deputatı, UNESCO və İSESCO-nun xoşməramlı səfiri kimi ölkəmizin ictimai-siyasi, sosial-mədəni həyatında, mədəniyyətimizin xarici ölkələrdə təbliği, maddi və qeyri-maddi irsimizin qorunması sahəsində çox böyük işlər gördüyünü bildirib. Qeyd edilib ki, elektron nəşrə 1995-ci ildə Azərbaycan Mədəniyyətinin Dostları Fondunun rəhbəri kimi işə başladığı dövrdən bu günə qədər Mehriban Əliyevanın çoxşaxəli fəaliyyətinə dair Azərbaycan dilində AZƏRTAC-ın, habelə Prezident Kitabxanasının abunə olduğu 100-ə yaxın qəzet və jurnalın, digər kütləvi informasiya vasitələrinin seçilmiş materialları daxil edilib.
Elektron nəşr altı əsas bölmədən (“Azərbaycan Mədəniyyətinin Dostları Fondu”, “Azərbaycan Gimnastika Federasiyası”, “Azərbaycanın birinci xanımı”, “Heydər Əliyev Fondu”, “Xoşməramlı səfir”, “Millət vəkili”) ibarətdir. İstifadəni asanlaşdırmaq üçün hər fəsildəki materiallar mənbəyi göstərilməklə illər üzrə xronoloji ardıcıllıqla verilib.
Birinci bölmədə əks olunan materiallarda Azərbaycan mədəniyyətinin böyük hamisi kimi Mehriban xanımın muğam sənətinə qayğısı, bu qeyri-maddi irsimizin xarici ölkələrdə təbliği, bir sıra beynəlxalq musiqi festivallarının keçirilməsi ilə bağlı təşəbbüsləri, “Eurovision” musiqi yarışmasında ölkəmizin yüksək səviyyədə iştirakına verdiyi dəstək və digər xidmətlərinə dair materiallar toplanıb.
İkinci bölmədə Mehriban Əliyevanın Azərbaycan Gimnastika Federasiyasının prezidenti, 2015-ci ildə Bakıda keçirilən I Avropa Oyunlarının Təşkilat Komitəsinin sədri kimi fəaliyyəti əksini tapıb.
Azərbaycanın birinci xanımının fəaliyyəti nəinki ölkəmizdə, həmçinin beynəlxalq ictimaiyyət tərəfindən də çox yüksək səviyyədə təqdir olunur və qiymətləndirilir. Xeyirxahlıq, humanizm, sosial ədalət prinsiplərinə sadiqlik, yüksək mədəni dəyərlərə söykənən çoxşaxəli fəaliyyət Mehriban Əliyevanın birinci xanım kimi portretinin əsas cizgiləridir. Birinci xanım statusunda onun 2003-cü ildən başlayan fəaliyyətinə dair materiallar elektron nəşrin üçüncü bölməsində toplanıb.
Mehriban Əliyevanın Heydər Əliyev Fondunun prezidenti kimi ölkəmizin sosial-iqtisadi və mədəni inkişafı istiqamətində gördüyü işlər dördüncü bölmədə əksini tapıb.
Beşinci bölmədə 2004-cü ildən UNESCO-nun, 2006-cı ildən İSESCO-nun xoşməramlı səfiri olan Mehriban Əliyevanın milli mənəvi dəyərlərin və mədəni irsin qorunub saxlanılması, ölkə və dünya əhəmiyyətli tarixi abidələrin bərpası, Azərbaycan mədəniyyətinin dünya ictimaiyyətinə tanıdılması istiqamətində gördüyü işlərə dair materiallar yer alıb.
Mehriban xanımın millət vəkili kimi fəaliyyətinə dair materiallar altıncı bölmədə verilib.
Qeyd olunub ki, 2000-dən çox materialın tam mətnini əhatə edən elektron nəşr mütəmadi olaraq yenilənir. Toplu elektron ünvanında istifadəçilərə təqdim olunur.
Sonra elektron nəşrlə bağlı müzakirələr aparılıb. AMEA-nın prezidenti, akademik Akif Əlizadə, Prezident Administrasiyası Xarici əlaqələr şöbəsi müdirinin müavini Ərəstü Həbibbəyli təqdim olunan elektron nəşrin əhəmiyyətindən, Mehriban Əliyevanın çoxşaxəli fəaliyyətindən danışıblar. Mədəniyyət və Turizm Nazirliyinin Kitab dövriyyəsi sektorunun müdiri Lətifə Məmmədova, “Yeni Azərbaycan” qəzetinin baş redaktoru, Milli Məclisin deputatı Hikmət Babaoğlu, “Səs” media qrupunun rəhbəri Bəhruz Quliyev, Milli Kitabxananın direktoru Kərim Tahirov, Xarici İşlər Nazirliyinin xüsusi tapşırıqlar üzrə səfiri Zakir Həşimov və başqaları elektron nəşrlə bağlı fikirlərini bildiriblər. Mehriban Əliyevanın xeyriyyəçilik fəaliyyəti, Vətənə və xalqa sevgisi, Azərbaycan Prezidentinin siyasətinə dəstək olaraq gördüyü işlər və s. məsələlərdən söhbət açılıb.