Müsabiqə qalibləri mükafatlandırılıb

İyunun 23-də Estetik Tərbiyə üzrə Respublika Tədris-Metodik Mərkəzində 26 iyun - Silahlı Qüvvələr Günü ilə bağlı “Yaşasın qüdrətli Azərbaycan ordusu!” mövzusunda keçirilmiş müsabiqənin qaliblərinin mükafatlandırılması mərasimi olub.
Bildirilib ki, müsabiqənin keçirilməsinin məqsədi uşaq və yeniyetmələrdə milli vətənpərvərlik ruhunun inkişaf etdirilməsi, hərbi texnika, müasir silah və sursatlar haqqında təsviri sənət vasitəsilə uşaqların maarifləndirilməsidir.
Azərbaycan Rəssamlar İttifaqının katibi, Xalq rəssamı Ağəli İbrahimov sərgidə nümayiş olunan əsərlər haqqında fikirlərini bölüşüb. Vətənpərvərlik, xeyirxahlıq mövzularını əhatə edən bu əsərlərin tədbir iştirakçılarında xoş təəssürat yaratdığını deyən A.İbrahimov gənclərə müvəffəqiyyətlər arzulayıb.
Qeyd olunub ki, müsabiqəyə ümumtəhsil və məktəbdənkənar təhsil müəssisələrinin şagirdləri tərəfindən 263 əsər təqdim edilib. Müsabiqə üç yaş qrupu üzrə - 6-8, 9-12 və 15-18 yaşlı uşaq və gənclər arasında keçirilib ümumilikdə, 12 iş qalib seçilib.
Sonda qaliblərə hədiyyə və diplomlar, on nəfərə isə həvəsləndirici mükafat verilib.