Tədbirdə yeni nəşrin və elektron məlumat bazasının təqdimatı keçirildi

İyunun 23-də Milli Kitabxanada “Multikulturalizm və kitab” mövzusunda konfrans və “Multikulturalizm” ədəbi-bədii, elmi-publisistik jurnalının təqdimat mərasimi keçirildi. Tədbir Mədəniyyət və Turizm Nazirliyi, Bakı Beynəlxalq Multikulturalizm Mərkəzi, Prezident yanında Bilik Fondu və Milli Kitabxananın birgə təşkilatçılığı gerçəkləşdi.

Kitabxananın direktoru Kərim Tahirov çıxış edərək konfransın “Multikulturalizm ili” çərçivəsində keçirildiyini və bu tipli tədbirlərin regionlarda da təşkil olunacağını bildirdi. Qeyd olundu ki, multikulturalizm Azərbaycanda dövlət siyasətidir. Multikulturalizm ölkəmizin milli mədəniyyətinə müvəffəqiyyətlə inteqrasiya olan müxtəlif xalqların harmonik şəkildə yaşayışının göstəricisidir.
Milli Məclisin deputatı, AMEA-nın müxbir üzvü Nizami Cəfərov multikulturalizm ənənələrindən və ölkəmizdə hökm sürən tolerant mühitin əhəmiyyətindən söz açdı. Bildirildi ki, hazırda beynəlxalq aləmdə etnos və din anlayışı sözügedən dəyərlərin əsas meyarlarındandır. Bu mənada Azərbaycanda müxtəlif dinlərə və dillərə aid olan kitablar heç bir maneə olmadan nəşr olunaraq təbliğ edilir.
Bakı Beynəlxalq Multikulturalizm Mərkəzinin Analitik şöbəsinin müdiri Nəriman Qasımzadə, Yazıçılar Birliyinin katibi, “525-ci qəzet”in baş redaktoru Rəşad Məcid, Bəstəkarlar İttifaqının katibi, Əməkdar incəsənət xadimi Sərdar Fərəcov, “Multikulturalizm” ədəbi-bədii, elmi-publisistik jurnalının baş redaktoru Fəxri Uğurlu, yazıçı-publisist Sədaqət Kərimova və başqaları çıxışlarında Azərbaycanın multikulturalizm ənənələri ilə bütün dünyanın diqqətini cəlb etdiyini, bu dəyərlərin xalqımızın mədəniyyətində, başqa xalqlara münasibətində əsrlər boyu formalaşaraq bu günə gəlib çatdığını söylədilər.
Bildirildi ki, hazırda bu istiqamətdə əldə olunan uğurlar ölkə başçısının uzaqgörən siyasətinin nəticəsidir və multikultural ənənələrin inkişaf etdirilməsi dövlət siyasətinin prioritetini təşkil edir. “Multikulturalizm” jurnalının işıq üzü görməsi də bu istiqamətdə aparılan işlərə dəstək məqsədi daşıyır. Jurnal Bakı Beynəlxalq Multikulturalizm Mərkəzi, Azərbaycan Milli Elmlər Akademiyası və Azərbaycan Yaradıcılıq Fondunun birgə rüblük nəşridir. Burada məqalələr “Azərbaycançılıq”, “Çoxmədəniyyətlilik”, “Terror multikulturalizmə qarşı”, “Homo sapiens”, “Höte zalı”, “Sönməyən ulduzlar” və s. bölmələr üzrə oxuculara təqdim olunur.
Daha sonra “Multikulturalizm və kitab” mövzusuna həsr olunan məruzələr dinlənildi.
Konfrans çərçivəsində həmçinin Milli Kitabxananın əməkdaşları tərəfindən hazırlanmış “Azərbaycanda multikulturalizm” elektron məlumat bazası da təqdim edildi.
Sonda tədbir iştirakçıları “Multikulturalizm Azərbaycanın həyat tərzidir” adlı kitab sərgisi ilə tanış oldular.

Lalə