BMT Baş Assambleyasında 2014-cü ildə qəbul olunmuş qətnaməyə əsasən 21 iyun dünyada Beynəlxalq Yoqa Günü kimi qeyd olunur. Bununla əlaqədar 21-26 iyun 2016-cı il tarixində ölkəmizdə ilk dəfə Yoqa həftəsi keçirilir.

Hindistanın Bakıdakı səfirliyinin, “Art of Living” (“Yaşamaq incəsənəti”), “Yoqa Şahi” və “Alaia Yoqa” cəmiyyətlərinin təşkil etdiyi Yoqa həftəsi Azərbaycan Respublikası Mədəniyyət və Turizm Nazirliyi, “İçərişəhər” Dövlət Tarixi-Memarlıq Qoruğu İdarəsi və YARAT-ın dəstəyi ilə gerçəkləşir.
Tədbirin açılış mərasimi “Atəşgah məbədi” Dövlət Tarix-Memarlıq Qoruğunda Azərbaycan və Hindistandan bir sıra yoqa mütəxəssisləri və həvəskarlarının iştirak ilə baş tutub.
Tədbirin “İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğunda keçirilən rəsmi hissəsində Hindistanın Azərbaycandakı səfiri Sancay Rana, Mədəniyyət və Turizm Nazirliyi Mədəniyyət müəssisələri və xalq yaradıcılığı şöbəsinin müdiri Fikrət Babayev, İnformasiya və ictimaiyyətlə əlaqələr şöbəsinin aparıcı məsləhətçisi İsa Məmmədov, BMT-nin Azərbaycandakı rezident əlaqələndiricisi və BMT-nin İnkişaf Proqramının (BMTİP) nümayəndəsi Qulam İsakzai, diplomatik korpusun nümayəndələri, Azərbaycandakı hind diasporunun üzvləri və hind mədəniyyətsevərləri iştirak edib.
Yoqa həftəsi çərçivəsində Bakı və Gəncə şəhərlərində yerləşən müxtəlif Yoqa təsisatları tərəfindən bir sıra tədbirlər keçiriləcək. Yoqa sessiyalarına yoqa həvəskarları sərbəst qatıla bilərlər.
Tədbirin bağlanış mərasimi 26 iyun tarixində YARAT Müasir İncəsənət Mərkəzi və “Yoqa Şahi” studiyasının təşkilatçılığı ilə Dənizkənarı Milli Park ərazisində keçiriləcək.
Açıq havada baş tutacaq tədbirin yekun hissəsində iştirakçılar hind mədəniyyəti, musiqisi, rəqsləri, mətbəxi və həmçinin, yoqa dərsləri ilə tanış olacaqlar.