Nizami Kino Mərkəzində Silahlı Qüvvələr Gününə həsr olunmuş tədbir keçirilib

İyunun 22-də Nizami Kino Mərkəzində YAP Nəsimi rayon təşkilatının təşəbbüsü ilə Azərbaycan Respublikası Silahlı Qüvvələri Gününə həsr olunmuş “Aprel döyüşləri və zəfərə doğru” adlı tədbir keçirilib.
Tədbirdə çıxış edən YAP Siyasi Şurasının üzvü, Milli Məclisin deputatı Məlahət İbrahimqızı Azərbaycan Silahlı Qüvvələrinin tarixindən söz açıb, Silahlı Qüvvələrin maddi-texniki bazasının möhkəmləndirilməsində, milli hərbi kadrların hazırlanmasında ulu öndər Heydər Əliyevin əvəzsiz xidməti olduğunu və bu gün Prezident, Ali Baş Komandan İlham Əliyevin həyata keçirdiyi tədbirlər sayəsində Azərbaycan Ordusunun bölgənin ən güclü ordusuna çevrildiyini qeyd edib.
Bu il aprelin əvvəlində qoşunların təmas xəttində törədilən təxribatlardan danışan millət vəkili həmin günlərdə hərbçilərimizin göstərdiyi şücaətin, qazanılan qələbənin xalqımızda böyük ruh yüksəkliyi yaratmaqla yanaşı, ordumuzun böyük gücə malik olduğunu sübuta yetirdiyini vurğulayıb.
YAP Gənclər Birliyinin sədri Seymur Orucov da çıxışında Azərbaycan Ordusunun torpaqlarımızı düşmən işğalından azad etməyə tam hazır olduğunu bildirib.
Sonra Silahlı Qüvvələrin Mahnı və Rəqs Ansamblı solistlərinin və əsgər xorunun ifasında aprel döyüşləri şərəfinə yazılan “Lələtəpə fatehləri”, “Qəhrəman Tərtər” və digər vətənpərvərlik mahnıları səsləndirilib.