Azərbaycan Xalça Muzeyində Azərbaycan-Slavyan Gəncləri Assosiasiyası (ASGA) İctimai Birliyinin Prezident yanında Gənclər Fondunun maliyyə dəstəyi ilə reallaşdırdığı “Şuşaya doğru - ShushaPost.az” internet layihəsinin təqdimatı keçirilib.
İctimai birliyin sədri Səbuhi Abbasov layihənin məqsədindən danışıb. Bildirib ki, layihə çərçivəsində yaradılan ShushaPost.az saytı Azərbaycan həqiqətlərinin dünya gənclərinə çatdırılmasına töhfədir.
Prezident Administrasiyası İctimai-siyasi məsələlər şöbəsinin gənclər təşkilatları ilə iş sektorunun müdiri Vüsal Quliyev gənclərin informasiya müharibəsində də fəal olmalarının vacibliyini qeyd edib. Bildirib ki, bu gün dövlət tərəfindən gənclərimizin təşəbbüslərini gerçəkləşdirmək üçün kifayət qədər imkanlar yaradılıb. Gənclər bu imkanlardan səmərəli istifadə etməlidirlər.
Millət vəkili Elşən Musayev çıxışında Dağlıq Qarabağ münaqişəsi ətrafında baş verən prosesləri işıqlandıran daha bir saytın açılmasını təqdir edib.
Gənclər Fondunun sektor müdiri Orxan Ərəbov, Gənclər və İdman Nazirliyinin sektor müdiri Fuad Babayev, Dağlıq Qarabağın Azərbaycanlı İcmasının Əlaqələndirmə şurasının sədri, siyasi elmlər doktoru Elçin Əhmədov və digər çıxış edənlər layihənin əhəmiyyətini qeyd ediblər, saytın xarici dillərdə fəaliyyətinin zəruriliyini vurğulayıblar.
Tədbirin bədii hissəsində televiziya muğam müsabiqəsinin qalibi Sədəf Budaqova “Şahnaz” təsnifini ifa edib.