Heykəllə bağlı beynəlxalq müsabiqəyə yekun vurulub, park layihəsi isə oktyabrda TÜRKSOY-un Şəkidəki toplantısında müzakirə olunacaq

Xəbər verdiyimiz kimi, Türkiyənin Bolu şəhərində yerli bələdiyyənin və TÜRKSOY-un birgə təşkilatçılığı ilə Koroğlu parkının salınması və nəhəng Koroğlu heykəlinin ucaldılması üçün beynəlxalq müsabiqə elan olunmuşdu. Artıq müsabiqəyə yekun vurulub.

Koroğlu heykəli və postamenti müsabiqəsinin qaliblərini müəyyən etmək üçün TÜRKSOY ölkələrini təmsil edən münsiflər heyəti avqustun 15-də Bolu şəhərində bir araya gəlib. Qeyd edək ki, müsabiqəyə türk dünyasının bir çox yerlərindən çox sayda layihələr təqdim olunub.
Türkiyəli heykəltəraş Ferit Özşenin sədri olduğu jüridə Azərbaycandan heykəltəraş Akif Əsgərov, Qazaxıstan Memarlar İttifaqının sədri Akmurza Rüstəmbəyov, Qırğızıstan Memarlar İttifaqının sədri Alimbek Abdraimov, Özbəkistandan sənətşünas Nigora Əhmədova, Türkiyədən memar İbrahim Aksoy və Qaqauz heykəltəraşı Atanas Karaçoban yer alıb. Jüri üç gün ərzində şərtlərə uyğun təqdim edilən bütün layihələri analiz edib və obyektiv şəkildə qiymətləndirib.
Avqustun 19-da Boluda Koroğlu heykəli və postamenti beynəlxalq dizayn müsabiqəsinin yekunları ilə bağlı mətbuat konfransı keçirilib. Bolu Bələdiyyəsi başqanı Ələddin Yılmaz və TÜRKSOY-un baş katibi Düsen Kaseinovun da iştirak etdiyi tədbirdə nəticələr açıqlanıb.
Bildirilib ki, müsabiqədə birinci yeri Qazaxıstandan Yedil Tusipbekov (memar) və Murat Mansurov (heykəltəraş), ikinci yeri Türkiyədən İbrahim Bakır (memar) və Murat Oğuz (heykəltəraş), üçüncü yeri isə Özbəkistandan Abdukahor Turdıyev (memar) və Tulyagan Tadjihocayev (heykəltəraş) qazanıb. Həvəsləndirici mükafatlara Türkiyədən İbrahim Bakır (memar) və Özcan Özkarakaş (heykəltəraş), Azərbaycandan Elbəy Qasımzadə (memar), Maqsud Məmmədov (heykəltəraş), habelə Türkiyədə yaşayıb-yaradan azərbaycanlı Lətif Rüstəmov (memar) və Sait Rüstəm (heykəltəraş) layiq görülüblər.
Mətbuat konfransından sonra Bolu Bələdiyyəsi başqanı ilə Düsen Kaseinov arasında görüş keçirilib. Görüş zamanı TÜRKSOY baş katibi Koroğlu parkı layihəsinin bu ilin oktyabr ayında “Türk dünyasının mədəniyyət paytaxı” Şəkidə gerçəkləşəcək TÜRKSOY üzvü ölkələrin Mədəniyyət Nazirləri Daimi Şurasının toplantısının gündəliyinə salınması təklifi ilə çıxış edəcəyini deyib. Beləliklə, sözügedən layihə türkdilli ölkələrin ortaq layihəsi olacaq və bu barədə qərar TÜRKSOY-un Şəki toplantısında veriləcək.
Onu da qeyd edək ki, Bolu Bələdiyyəsi Mətbuat və ictimai əlaqələr şöbəsi tərəfindən Koroğlu haqqında film hazırlanır. Çəkiliş heyəti bununla bağlı avqustun 24-də Ankarada TÜRKSOY-un qərargahını ziyarət edib və qurumun baş katibi Düsen Kasseinovdan müsahibə alıb.

Mehparə Sultanova
Ankara