Ucal Haqverdiyevə həsr olunmuş tədbir

Sentyabrın 2-də “XX-XXI əsr Azərbaycan rəngkarlığı” muzeyində “Rəssam haqqında xatirələr. Butunay Haqverdiyev atası Ucal Haqverdiyev haqqında” adlı tədbir keçiriləcək.

“Rəssamla görüş” layihəsi çərçivəsində reallaşacaq tədbirdə Ucal Haqverdiyevin (1960-2004) həyat və yaradıcılığından söz açılacaq.
Ucal Haqverdiyevin sənəti yüksək mənəviyyatı ilə seçilir, onun mövzu və süjetləri “Tövrat” obrazları ilə bağlıdır. Rəssamın rəngkarlığı, qrafikası, poeziyası zamanın cızdığı dar dünyagörüşü çərçivəsindən kənarda mövcuddur.
O, Avstriya, Almaniya və Azərbaycanda keçirilən beynəlxalq simpoziumların iştirakçısı olub. “Labirint” qrupunun yaradılmasında iştirak edib. 2000-ci ildə bu qrupun tərkibində “Humay” mükafatına layiq görülüb. 2000-2004-cü illərdə Bakıda Mixail Arxangel kilsəsinin bədii tərtibatında iştirak edib. Əsərləri ABŞ, Almaniya, Avstriya, Fransa, Norveç və Türkiyədə sərgilənib.
Sərginin keçiriləcəyi “XX-XXI əsr Azərbaycan rəngkarlığı” muzeyi Dövlət Bayrağı meydanı ərazisində yerləşir. Heydər Əliyev Fondunun layihəsi əsasında yaradılan muzeyin açılışı 2015-ci il iyunun 8-də keçirilib.
Azərbaycanın təsviri incəsənətinin inkişafının yüzillik tarixini əhatə edən ekspozisiyada dəzgah rəngkarlığının əsasını qoymuş ilk peşəkar rəssamlarla yanaşı, həm tanınmış korifeylərin, həm də qismən unudulmuş sənətkarların əsərləri sərgilənir.