1 dekabr Məmməd Arazın xatirə günüdür


Araz şairinin əbədi ömrünə elegiya əvəzi

O, Füzuli kimi sözün nazını çəkmirdi. Sözləri xalqın taleyi naminə səfərbərliyə alırdı. “Ayağa dur, Azərbaycan!” nidası kimi. O öz taleyi üçün nanə yarpağı kimi əsmədi, yalnız Vətəni, xalqı üçün nanə yarpağına döndü. “Ölə-ölə” yazmadı, yaza-yaza əridi. “Azərbaycan torpağında Araz boyda şırım” açan dərdlərlə mücadilə etdi, Zamanın üstünə yeridi...

Yaraq-əsləhəsi isə yalnız Sözdən ibarət idi. Qələmdaşı Hüseyn Bağıroğlunun yazdığı kimi,

O, qaya döşündə, dağ ətəyində
Eşq ilə çağlayan söz bulağıydı.
Alov püskürərdi sözü qəfildən,
Vulkana bənzəyən köz bulağıydı...


O, Arazla bir almanın iki üzü kimiydi. Əsrlərdir “durula bilməyən” (F.Həsənoğlu) Araztək onun da eyni açılmırdı. Bu bənzərlik şair qələmiylə necə də mükəmməl ifadə olunub:

Sahilin-dodağıma,
Ləpən dilimə bənzər.
Sahil boyu çinarlar
Yazan əlimə bənzər.
Qayaların həssasdır
Mənim qulağım kimi.
Tutqundur qaşqabağın
Bu qaşqabağım kimi...


Haqqın çox yaşamağa!

Vətən hansı övladına balam demir, Məmməd Araz?! (Poeziyamızın ən doğması, “Ərk qalası” olduğuna görə belə müraciət edirəm). Sadəcə, bunun halallığını hər kəs ala bilmir. “Ana yurdun hər daşına (məhz daşına!) üz qoyduğun” üçün bunu haqq elədin:
Haqqın var, Məmməd Araz,
Haqqın var yaşamağa!
Öz “təmkin atınla” ulu əcdadlarının nəfəsi toxunan, həniri dəyən yerləri qarış-qarış gəzdin. Hətta bunu da etiraf elədin ki,
Mən uca dağlara “babam” demişəm,
Ərköyün balayam dağlar yanında...

Bir övlad kimi dağların da “başını uca elədin”. Əlbəttə, bir türk övladının dağa kutsal yanaşması təbii idi. Çünki qədim türk mifik yaddaşında dağ Tanrı kimi qavranılır, ağsaçlı, qoca kor kişi şəklində təsəvvür olunurdu. Bu ululuğa, ucalığa verdiyin fövqəladə dəyər ömrünü dağ ömrünə döndərdi. Bu haqdır, Məmməd Araz!
Həyat yollarında, şeriyyət cəbhəsində özün cığır açdın, iz axtarmadın. Axı Sən “dünyaya ümman həvəsiylə” gəlmişdin. Dədə Ələsgərin köklədiyi sazı kökdən düşməyə qoymamalı, yeni havalar çalmalıydın. Səməd Vurğunun həvələyib süslədiyi şeriyyəti daha da ucalara qaldırmalıydın. Bu məsuliyyəti dərindən dərk edirdin. “Köhnə qələm”insə vücudunun son nəfəsinəcən ancaq “təzə söz diləndi”...

Ana bilməyir ki, şair olan kəs,
Odlu söz tapmayır oda yanmasa.
Bir də ki şairə “şair” deyilməz
Hamıdan gec yatıb, tez oyanmasa...


Məhz bu dözümün və iradən sayəsində “sərhədlərdə küləkdən ayıq dayanmağın”, “od gölündə, buz gölündə gəmi olmağın” öhdəsindən məharətlə gəldin. Poetik hikmətlərinin “işığına milyonları şərik” elədin.
Yaradıcılığın bir “folklor və etnoqrafiya muzeyi”nə dönüb! İstəyənlər burada minillik məişətimizin, adət-ənənəmizin, ədəb-ərkanımızın ustadanə hazırlanmış (qələmə alınmış) “eksponat”ları ilə tanış ola bilərlər. Bu “muzey”in poetika ekspozisiyasında elə nadir ifadələr “sərgi”lənir ki, dərindən düşünüb qəlbinə bənd eləməkdən yorulmursan: “dinməz dil”, “səsli kirpiklər”, “göyərən qara daş”, “ürəklə əkilən xatirə”, “ağrını danan ürək”, “nə zamansa dəfn olunmuş haqq səsləri”, “udulan Xudafərin”, “yaz dolusu”, “şəhidlərin qəbri üstə yanan səs”, “ayaqlanan səs”, “haqq qapısını aça bilməyən haqq açarı”, “yanan su”, “uşaq kimi ərköyün bulaq”, “qayaların su saxlayan çalası” və nələr, nələr...
Milli birlik, əsrlərin Araz səddi dilinin virdinə çevrildi. “Heydər baba” sədalı, ayrılıq nidalı Şəhriyarın şirindilli Vaqifin 250 illik yubileyinə gəlməsinə “yol” tapa bilmədin. O “yol” hələ də yoxdur, Şair!

Mənə şərəflidir belə ölümlər
Qoy batsın sinəmə, batsın min nizə,
Arazdan, Cənubdan yazmağım əgər
Dünyada ən böyük cinayət isə.


Ad-san düşkünlərinin əbədi saydıqlarına dünyanın “qəh-qəh çəkdiyi”ni bildiyin üçün cah-calala, şöhrətə dəndənə yeri qoymadın. 53 yaşında tam yəqin etmişdin ki,
Bu get-gəllər bazarına dəvədi dünya,
Bu ömür-gün naxışına həvədi dünya.
Əbədiyə qəh-qəh çəkər əbədi dünya,
Dünya sənin,
Dünya mənim,
Dünya heç kimin...

Və bir də “tərifdən qorxuram!” etirafında bulunmuşdun. Ömrünün və yaradıcılığının əsas hissəsi imperiyanın boğanağında keçsə də, sözlərin, ifadələrin azadlığını qoruya bildin. Heç nədən çəkinib eləmədin. Gör, nədən ehtiyatlanırdın:
...Qələmim, Nizami hikmətlərinin
Tənə daşlarından qoru sən məni!

Nizaminin tənələrindən qoruna bilsən də, “öz ömrünü şum elədi” qələmin. “Çox ünvanda qaçaq tərif hallanan” zaman fikirlərində, ideallarında daha da möhkəm dayandın:

Tərifdən qorxuram, qorxuram yaman,
Onun fitnəsindən bac almalıyam.
Yoluma gül səpən tərif yanından
Saymazca keçməyi bacarmalıyam.


Əlbəttə, bacardın! Bəzilərinin özü də, sözü də sığal görəndə Sən Vətənin “qayalarına səs yazmaqla” ömür sürdün. Bunlara rəğmən Sənə qarşı rəğbət sanki “daşdan çıxırdı”. İstəyin, təmənnan isə elə bundan ibarət idi:

Heç bir mükafatın yetmədi mənə,
Bircə “sağ olun” da bəsimdi, Vətən!
Bəsimdir, hər səhər təltif yerinə
Qapımda küləyin əsibdi, Vətən!

Qol verdin boynunu qucaqlamağa,
Göyünə baxmağa göz verdin, bəsim...
Kürək söykəyənin ana torpağa
Haqqı yox ayrı bir təltif istəsin.

Nə çiçək, nə sancaq oldum yaxanda,
Bir ömür yaşadım - əkinçi ömrü.
Qalır sel ağzında, çay qırağında
İkinci həyatım, ikinci ömrüm.


Sözünün ağır sanbalını, yurdunun dərdlərini ancaq “bu get-gəllər bazarı”nda tər tökən dəvə daşıya bilərdi. Sazın-sözün Dədəsi kimi
...Haqq ilə nahaqqı axtaran hakim
Tapar qulaq ilə göz arasında
- ümidiylə yaşadın.
Tərs kimi dünyaya göz açanda da (14 oktyabr 1933) ideoloji-siyasi dövr təlatümlü, sazaqlı idi. Vətən, millət yolunda ömrünü şam kimi əridənlər təşəkkür əvəzinə ya Sibir, ya da qəbirlə “ödülləndirilirdi”. 12 yaşın olanda bu dünyaya gəlim səbəbkarın İnfil kişi də “xalq düşməni” adıyla Sibirə sürgün olunmuşdu. “Qada-bala yüklü” o illərdə nə qulaq eşitdiyini, nə də göz gördüyünü uzlaşdıra bilirdi...

Bu torpaq, pilə torpaq,
Dilini bilə torpaq!
Torpağa kül tökməsən -
Dönəcək külə torpaq.

Holavar, dədə malım,
Dilləndir, qədəm alım.
Qada-bala yüklüsən,
Torpağım, qadan alım...

Yaradıcılığına, ideya siləli qəlb haraylarına o qədər əl uzadan (qulaq verən yox!) vardı ki... “Bir ağılın budağından sallanan neçə-neçə ağlı dayaz” yaxandan əl çəkmirdi. Əgər belə ağırsanballı sənət yükünlə, azadlıq inadınla “37”dən keçəsi olsaydın, “Səni bağışlayan olardımı? - Çətin!”

Haşiyə. 2006-cı ilin yayında Məmməd Arazın orta məktəbi bitirdiyi Kəndşahbuzda magistrant yoldaşımın əsgərliyə yolasalma mərasimində idik. Axşamın sərin mehi kəndin günortadan “qızdırma içində yanan” yamaclarına məlhəm qoyurdu... Saz-söz məclisinin şirin yerində qocaman kənd sakini çox qəribə bir gileyini dilə gətirdi: “Məmməd Araz bu qədər əsər yazıb, amma doğulduğu kəndə (Nursuya) şeir həsr etməyib”. Doğrudan da, nahaq deməyiblər ki, cavanın səbri az olar. Dönə-dönə üzr istəyib bildirdim ki, əgər şair elə doğulduğu kəndə şeir yazsaydı, poema həsr eləsəydi, o ta Məmməd Araz olmazdı ki! O, Azərbaycanın bütövlüyü uğrunda qələm çalmadımı?! Vətənin hər qarışı Məmməd Arazın doğma ocağı deyilmi?! Sonralar düşünürəm ki, Məmməd Arazın yazdıqları onun elə ən böyük qalxanıdır...

Od-su köhnəliyi

2004-cü il dekabrın 1-i. Çərşənbə günü. Azərbaycan poeziyasından Məmməd Arazın “qara kağız”ı gəldi. Axı o bu rəngi sevərdi, “boynu bükülü dərdi”, “pardaxlı sevinci” bu rəngdə libasa bürünərdi. Cismani gedişindən sonra kitabının da “tünd qara” rəngdə çap olunmasını vəsiyyət eləmişdi... Bir də Tanrıdan
Yazda ölüm asan olur,
Saxla məni yaza, Allah!

- deyə təmənnada olmuşdu. Ancaq bizdə dədə-baba adətidir, toyu həmişə payıza - bəhərə, bolluğa saxlayarlar. Əcəl də ona elə xəzanda toy elədi...
Qəhər sanki boğazımda qranitdən abidə ucaltmışdı. Bu ələmli dəmlərdə əsrləri yorub-yortan çinar gövdəli vətəndaş Şair sanki başımın üstünü kəsərək bir gənc soydaşına (və milyonlara) təsəlli verirdi ki,

Hələ yeriyirəm qəlbimlə qoşa,
Hələ çoxlarına örnəyəm, bala!
Qoca büdrəyəndə büdrəyən qoca,
Körpə ağlayanda körpəyəm, bala!


Ömürsüz ömürdən çox asılıyam,
Gərəkdir söz deyəm, söz yastılayam.
Hardasa gül üzə gül yastığıyam,
Hardasa ilana köynəyəm, bala!

Bəlalı başında nə dövlət, nə quş...
Təbriz nə istəyir? - Təbriz qurtuluş...
Bax indi pətəyi suya tutulmuş
Arı topasından göynəyəm, bala!

Dünyamız bir sapla asılı göydən,
Səsim, bu torpağın səsinə köklən!
Desələr, şeirimin avazı köhnə...
Od kimi, su kimi köhnəyəm, bala!


Elə o gün dəftərimə qeyd elədim ki, od köhnələndə, bəşəriyyət sudan imtina (!) edəndə Məmməd Araz və onun poeziyası da unudulacaq... Gələcək nəsillər də deyəcək ki, “Min illərdir Araz belə, Həkəri belə”, Məmməd Araz da elə...”
Vətən Sənə oğul deməklə qalmır, Azərbaycan Səninlə fəxr edir! Şair, nigaran ruhun qarşısında baş əysək də, bənzərsiz şəxsiyyətin və urvatlı şeriyyətin həmişə başımızı uca edir və edəcək!

Fariz Yunisli