Avqustun 29-da İçərişəhərdəki Miniatür Kitab Muzeyində Özbəkistan Respublikasının müstəqilliyinin 25 illiyinə həsr olunmuş üç miniatür kitabın (“Prezident İslam Kərimov”, “Müstəqilliyin əsasları” və “Özbəkistan”) təqdimatı keçirilib.

Muzeyin yaradıcısı və təsisçisi, Əməkdar mədəniyyət işçisi Zərifə Salahova təqdimatı keçirilən kitabların Özbəkistan Respublikasının Azərbaycandakı səfirliyinin təşəbbüsü ilə nəşr edildiyini bildirib. Diqqətə çatdırıb ki, hər birinin ölçüsü 50x55 mm olan miniatür kitablar 2016-cı ildə rus və ingilis dillərində “İndigo” mətbəəsində 100 nüsxə tirajla nəşr edilib.
Foto-illüstrasiyalarla zəngin kitablarda Özbəkistanın suverenliyi haqqında deklarasiya və dövlət müstəqilliyi haqqında qanun, iqtisadiyyat, elm, mədəniyyət sahələrində nailiyyətləri, böyük özbək alim və mütəfəkkirləri, UNESCO-nun Dünya irs siyahısına daxil edilən tarixi abidələr, coğrafi faktlar və s. barədə məlumatlar yer alıb.
Təqdimat mərasimində çıxış edən Özbəkistan səfiri Şerzod Fayziyev bildirib ki, sentyabrın 1-də ölkəsinin müstəqilliyini elan etməsinin 25 illiyi tamam olur və bu miniatür nəşrlər bu yubileyə əlamətdar töhfədir. Diplomat bu nəşrlərin iki qardaş xalqın dost münasibətlərinin növbəti ifadəsi kimi ölkələr arasında daha bir güclü körpü olacağını bildirib. O, Miniatür Kitab Muzeyinin yaradıcısı və təsisçisi Zərifə Salahovaya təşəkkür edib.
Milli Məclisin İqtisadi siyasət komitəsinin sədri, akademik Ziyad Səmədzadə, Əməkdar jurnalist Elmira Əliyeva, yazıçı, Əməkdar incəsənət xadimi Natiq Rəsulzadə və başqaları tədbirdə çıxış edərək kitabların əhəmiyyətindən söz açıblar.
Çıxışlarda Özbəkistan Respublikasının müstəqillik illərində qazandığı nailiyyətlərdən, Azərbaycan-Özbəkistan münasibətlərindən bəhs edilib.