Mötəbər turnir münasibətilə maraqlı mədəni layihələr də təşkil edilib

Sentyabrın 1-də Bakıda, Milli Gimnastika Arenasında 42-ci Dünya Şahmat Olimpiadasının təntənəli açılış mərasimi keçirilib.

Mərasimdə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev, xanımı Mehriban Əliyeva və ailə üzvləri, Dünya Şahmat Federasiyasının (FİDE) nümayəndələri, şahmat üzrə dünya çempionları, dövlət və hökumət rəsmiləri iştirak ediblər.
1927-ci ildən indiyədək 41 Dünya Şahmat Olimpiadası təşkil olunub. Bakının ev sahibliyi etdiyi 42-ci Olimpiada indiyədək Azərbaycanda keçirilən ən kütləvi yarış kimi tarixə düşəcək. Yarışda iştirak etmək üçün 176 ölkə qeydiyyatdan keçib. Olimpiadada 181 kişi və 142 qadın komandası mübarizə aparacaq. Bu, iştirakçı ölkələrin sayına görə Olimpiada tarixində rekord göstəricidir. Azərbaycan Olimpiadada üç kişi və üç qadın komandası ilə təmsil olunur.
Mərasimdə Bakı Şahmat Olimpiadasının Təşkilat Komitəsinin sədri, Azərbaycanın Baş nazirinin birinci müavini Yaqub Eyyubov, FİDE-nin prezidenti Kirsan İlyumjinov çıxış edib.
Prezident İlham Əliyev 42-ci Dünya Şahmat Olimpiadasını açıq elan edib.
Açılış mərasimində parlaq video-meppinq proyeksiyaları, milli və müasir rəqslər, 176 nağaraçının müşayiət etdiyi bayraqlar paradından ibarət möhtəşəm tamaşa təqdim edilib.
Tamaşaçılar improvizə olunmuş şahmat dünyasına “səyahət edərək” Azərbaycan musiqisinin korifeyləri, böyük bəstəkarlar Qara Qarayevin və Fikrət Əmirovun musiqilərinin sədaları altında canlı ağ və qara fiqurların oyunda qızğın rəqabət və əbədi mübarizə ilə teatrlaşdırılmış rəqs şousunu izləyiblər.
Azərbaycanın qədim xalçaçılıq sənəti prosesində yaradılmış “Dünya kimi əbədi oyun” meppinqi Milli Gimnastika Arenasının meydançasını nəhəng rəsm əsərinə çevirib. Onların canlanmış ornamentləri keçmişimizin və bu günümüzün tarixi və gözəl ənənələrini təcəssüm etdirib.
Mərasim Azərbaycan estradasının beş populyar nümayəndəsinin improvizə edilmiş caz, rok və muğam sintezinin ifası ilə başa çatıb.
* * *
Qeyd edək ki, 42-ci Dünya Şahmat Olimpiadasının yarışları “Kristal Zal”da keçiriləcək. İlk tura sentyabrın 2-də start veriləcək. On bir turdan ibarət yarışlar sentyabrın 13-də yekunlaşacaq.
Dünya Şahmat Olimpiadası çərçivəsində “Kristal Zal”da Rusiyanın Şahmat Muzeyi tərəfindən sərgi təşkil olunacaq. Sərgidə hind çaturanqa, İran satranc oyunları üçün dəst, Kral I Çarlz üçün fil sümüyündən hazırlanan orta əsrlərə aid şahmat dəsti, buryat şahmat dəsti və digər çoxsaylı eksponatlar nümayiş etdiriləcək.
Mədəniyyət və Turizm Nazirliyi Mədəniyyətşünaslıq üzrə Elmi-Metodik Mərkəzinin və Bakı Şahmat Olimpiadası Əməliyyat Komitəsinin birgə təşkilatçılığı ilə 42-ci Şahmat Olimpiadası çərçivəsində 1-14 sentyabr tarixlərində “Kristal Zal”da “Azərbaycan xalça sənəti” sərgi-aksiyası keçirilir.
Sərgidə Azərbaycan xalça məktəblərinə (Qarabağ, Şirvan, Gəncə, Qazax, Quba, Bakı, Naxçıvan) uyğun stendlər quraşdırılıb. Tədbir iştirakçılarına və şahmatçılara xalçaçılıq, tətbiqi və təsviri sənət nümunələrinin nümayişi ilə yanaşı xüsusi hazırlanmış stendlərin önündə milli geyimlərdə fotoşəkil çəkdirmək imkanı yaradılıb.
“İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsi də mötəbər yarışa töhfəsini özünəməxsus şəkildə ifadə edib. Qız qalasının qarşısındakı meydanda küçə şahmatı quraşdırılıb. Qədim oyunun böyük fiqurlarının düzüldüyü şahmat meydanı İçərişəhərin koloritini artırmaqla yanaşı, tarixi ansambla xüsusi gözəllik bəxş edir. Küçə şahmatı intellektual oyunları, asudə vaxtını fərqli və mənalı keçirməyi, kreativliyi və ünsiyyəti sevən insanlar üçün ən uyğun və orijinal seçimdir. Bakı sakinləri, eləcə də şəhərimizin qonaqları İçərişəhərdə, Qız qalasının yanında gəzintiyə çıxmaqla yanaşı, şahmat oynamağa dəvət olunur.