Sentyabrın 7-də Moskvada XXIX Beynəlxalq Kitab Sərgi-Yarmarkası açılıb. Ümumrusiya Sərgi Mərkəzində keçirilən və kitab sahəsində dünyanın ən nüfuzlu sərgilərindən sayılan tədbirdə Mədəniyyət və Turizm Nazirliyinin təşkilatçılığı ilə Azərbaycan stendi də qurulub. Tədbirdə nazirliyin Aparat rəhbərinin müavini, İnsan resursları şöbəsinin müdiri Cavanşir Cəfərov, Kitab dövriyyəsi və nəşriyyatlarla iş şöbəsinin baş məsləhətçisi Elbəy Əli iştirak edir.
Sərgidə dünyanın 37 ölkəsindən 500-dən çox nəşriyyat və müvafiq təşkilatlar təmsil olunur.
Rusiya Dövlət Dumasının sədri Sergey Narışkin açılış mərasimində çıxış edərək bildirib ki, sərgi-yarmarkada ənənəvi olaraq müəllif və oxucuların, əsl peşəkarların görüşləri keçirilir və bu görüşlərin sayəsində yeni, maraqlı ədəbi layihələr yaranır.
Azərbaycanın Rusiyadakı səfiri Polad Bülbüloğlu Azərbaycan stendini ziyarət edib, burada təqdim olunan nəşrlərlə tanış olub.
Mədəniyyət və Turizm Nazirliyinin əməkdaşı Elbəy Əlinin sözlərinə görə, bu il sərgi-yarmarkada Azərbaycanın mədəniyyəti, turizm potensialı, tarixi, o cümlədən Dağlıq Qarabağ münaqişəsi haqqında kitablar təqdim olunur. Stendimizdə Qarabağ həqiqətləri ilə bağlı nəşrlərə xüsusi yer verilib.
Onların arasında "Qarabağ", "Qərbi Azərbaycanın abidələri", əslən Bakıdan olan erməni müəllif Robert Arakelovun Qarabağdakı hadisələrlə bağlı tarixi həqiqətlərdən bəhs edən və davakar separatizmi ifşa edən "Karabaxski tetrad" kitabı var. Kitabların əksəriyyəti rus dilindədir. Bununla yanaşı, Azərbaycan dilində və sərginin əcnəbi iştirakçıları üçün ingilis dilində nəşrlər də nümayiş etdirilir.
XXIX Moskva Beynəlxalq Kitab Sərgi-Yarmarkası sentyabrın 11-dək davam edəcək.