Tvinninq layihəsinin koordinatoru ilə görüş

Xəbər verdiyimiz kimi, Mədəniyyət və Turizm Nazirliyi Avropa İttifaqının dəstəyi ilə mədəniyyət sektorunun idarə olunması üzrə islahatlar və mədəni irsin idarə olunmasının institusional inkişafı üzrə tvinninq layihəsi həyata keçirir. Layihə İtaliyanın Mədəni İrs, Fəaliyyətlər və Turizm Nazirliyi ilə birgə reallaşdırılır.

Sentyabrın 8-də layihəsinin yerli koordinatoru, maddi mədəni irs üzrə italyan mütəxəssisi Alessandro Bianki Mədəniyyətşünaslıq üzrə Elmi-Metodik Mərkəzin əməkdaşları ilə görüşüb.
Mədəniyyət və Turizm Nazirliyinin əməkdaşı Ramil Abbəkirov, Elmi-Metodik Mərkəzin direktoru Asif Usubəliyev, sektor müdirləri İrina Özçoban və Günay Süleymanovanın iştirak etdiyi görüşdə əməkdaşlıq imkanları müzakirə olunub.
A.Bianki qeyd edib ki, 2014-cü ildə qəbul olunan “Azərbaycan Respublikasının Mədəniyyət Konsepsiyası” ölkəmizin mədəniyyət siyasətinin xəritəsini yaradacaq yeni bir konsepsiyasıdır. Belə layihələr Avropanın inkişafında gedən maraqlı proseslərin tərkib hissəsidir. Məqsədimiz isə regionlardakı klub, kitabxana, muzeylərdə müxtəlif treninqlər, kurslar keçirmək vasitəsilə kənd əhalisinin, xüsusilə gənclərin mədəni proseslərə cəlb edilməsidir.
Mərkəzin iş planı və keçirilən tədbirlərdən söhbət açan A.Usubəliyev mədəniyyət və turizm sektorlarının inteqrasiyasından danışıb. Qeyd edib ki regionlardakı mədəniyyət ocaqlarında təşəbbüskar mühitin yaradılmasında və tərəqqi məzmunlu yeniliklərin tətbiqində bu kimi layihələrin rolu əvəzolunmazdır.
Söhbət zamanı bir sıra məsələlərlə əlaqədar razılıq əldə olunub və bu istiqamətdə birgə çalışmaq qərara alınıb.