Sentyabrın 15-də Latviyanın Azərbaycandakı səfiri Yuris Maklakovs və səfirliyin ikinci katibi İeva Majore Azərbaycan Milli Kitabxanasında olublar.
Milli Kitabxananın direktoru Kərim Tahirovla görüş zamanı səfir Latviya parlamentinin spikeri xanım İnara Murnietsenin Azərbaycana səfər edəcəyini bildirib. Qeyd olunub ki, səfər zamanı Azərbaycan Milli Kitabxanasında geniş ictimaiyyətlə görüş və Latviyaya həsr olunmuş sərginin nümayişi də nəzərdə tutulub.
Söhbət əsnasında iki ölkənin milli kitabxanaları arasında əməkdaşlıq münasibətlərindən də söz açılıb, əlaqələrin daha da möhkəmləndirilməsi barədə fikir mübadiləsi aparılıb.
Görüşün sonunda Milli Kitabxananın direktoru Kərim Tahirov tərəfindən qonaqlara tarix elmləri doktoru Həsən Həsənovun “Qız qalası” kitabı hədiyyə edilib.