AMEA-nın Əlyazmalar İnstitutunda Nəcəfqulu bəy Şeydanın “Gülşəni-maarif” təzkirəsi nəşrə hazırlanıb. Əlyazması son dövrlərdə instituta daxil olan bu əsərdə Azərbaycanın XIX əsrin ikinci yarısı - XX əsrin əvvəllərində yaşamış 24 şairinin şeirləri toplanıb. İnstitutun elmi işlər üzrə direktor müavini, filologiya elmləri doktoru Paşa Kərimovun nəşrə hazırladığı kitabda əsərlərdən çoxu ilk dəfə olaraq oxuculara təqdim olunur. “Elm və təhsil” nəşriyyatında işıq üzü görən kitabın redaktorları Arif Ramazanov və filologiya üzrə fəlsəfə doktoru Əkrəm Bağırovdur.