Prezident Türkiyənin müdafiə, mədəniyyət və turizm nazirlərinin başçılıq etdikləri nümayəndə heyətləri ilə görüşüb

Azərbaycan Prezidenti İlham Əliyev sentyabrın 27-də Türkiyənin müdafiə naziri Fikri İşıqın, mədəniyyət və turizm naziri Nabi Avcının başçılıq etdikləri nümayəndə heyətlərini qəbul edib.
Müdafiə naziri Fikri İşıq, mədəniyyət və turizm naziri Nabi Avcı Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın salamlarını dövlətimizin başçısına çatdırıblar.
Görüşdə Azərbaycan ilə Türkiyə arasında müdafiə, hərbi və hərbi-texniki əməkdaşlıq sahəsində əlaqələrin uğurla inkişaf etdiyi vurğulanıb, “ADEX-2016” ikinci Azərbaycan Beynəlxalq müdafiə sərgisinin əhəmiyyətindən danışılıb.
Söhbət zamanı ölkələrimiz arasında mədəniyyət və turizm sahəsində əlaqələrin uğurla inkişaf etdiyi bildirilib, əməkdaşlığın daha da genişləndirilməsi üçün yaxşı potensialın olduğu vurğulanıb.
Son vaxtlar turizm sahəsində görülən tədbirlər nəticəsində ölkəmizdə turistlərin sayının artdığı qeyd edilib, Türkiyənin bu sahədə zəngin təcrübəyə malik olmasının əhəmiyyəti diqqətə çatdırılıb. Dünya Turizm Günündə Türkiyənin mədəniyyət və turizm naziri Nabi Avcının ölkəmizə səfərinin önəmi vurğulanıb.
Görüşdə Azərbaycan ilə Türkiyə arasında dostluq və qardaşlıq münasibətlərinin bütün sahələrdə bundan sonra da möhkəmlənəcəyinə əminlik ifadə olunub.
Dövlətimizin başçısı Prezident Rəcəb Tayyib Ərdoğanın salamlarına görə minnətdarlığını bildirib, onun da salamlarını Türkiyə Prezidentinə çatdırmağı xahiş edib.