Azərbaycan Yazıçılar Birliyinin (AYB) “Natəvan” klubunda tanınmış şair Oqtay Rzanın 80 illik yubileyi qeyd olunub.
Elm, mədəniyyət, incəsənət xadimləri, şairin dostları və ictimaiyyət nümayəndələrinin iştirak etdikləri tədbirdə birliyin katibi, Xalq şairi Fikrət Qoca həmkarını yubileyi münasibətilə təbrik edib, ədəbiyyatımızdakı mövqeyindən söhbət açıb.
Azərbaycan Aşıqlar Birliyinin sədri, Xalq şairi Zəlimxan Yaqub yubilyarın poeziyasından nümunələr gətirərək, onlardakı poetik vüsət, səmimilik, təbiətə, Vətənə bağlılıqdan danışıb. Onun təravətli şeirlərinin təkcə adi poeziya həvəskarını deyil, şeir-sənət adamını da heyran qoyduğunu, insana böyük zövq verdiyini, ruhu oxşadığını vurğulayıb.
Yazıçılar Birliyi poeziya bölməsinin rəhbəri, şair Çingiz Əlioğlu, Mədəniyyət və Turizm Nazirliyinin şöbə müdiri, şair Vaqif Bəhmənli, ədəbiyyatşünas-tənqidçilər, filologiya elmləri doktorları Asif Rüstəmli, Vaqif Yusifli və başqaları Oqtay Rzanın şeirlərində nəciblik, dosta sədaqət, Vətənə, torpağa bağlılıq hissinin ana xətt təşkil etdiyini diqqətə çatdırıb, şairin əsərlərini Azərbaycanın “ədəbi atlası” adlandırıblar.
Bildirilib ki, indiyədək şairin 25 kitabı nəşr edilib. Onun müxtəlif illərdə yazdığı bir çox əsəri müəllifin yüksək intellektindən, şeirlərindəki zənginlik və rəngarənglik isə şair qələminin özünəməxsus poetikliyindən, könül dünyasını çox təbii, sadə dillə oxucusuna aça bilməsindən xəbər verir.
Tədbirdə şairin dərs dediyi Azərbaycan Dövlət Pedaqoji Universitetinin tələbələrinin ifasında şeirləri səsləndirilib.
Sonda Oqtay Rza çıxış edərək tədbirin təşkilatçılarına və iştirakçılarına minnətdarlığını bildirib.