“Yanğın” və “İslam”

“Mədəniyyət” qəzetinin ötən saylarının birində Xalq şairi Səməd Vurğunun Böyük Vətən müharibəsi illərində mövcud durumun doğurduğu əhval-ruhiyyəyə uyğun qələmə aldığı şeirlərdən nümunələr göstərmişdik. Bu yöndə apardığımız müşahidələr zamanı meydana çıxmış maraqlı faktların şərhi ilə bağlı söhbətimizi davam etdiririk.

Şair həmin illərdə tez-tez ön cəbhədə olur, döyüşçülərlə görüşürdü. O, 1942-ci ilin oktyabrında Şimali Qafqaz cəbhəsində olarkən müharibənin dəhşətlərini, xarabalıqlara çevrilmiş kənd və şəhərləri, dağılmış evləri, mədəniyyət abidələrinin, bir də «dağların qoynunda gözəl bir şəhər»in od tutub yandığını öz gözləri ilə görmüş və bundan təsirlənərək «Yanğın» şeirini yazmışdır.

Dağların qoynunda gözəl bir şəhər
Axşamdan bəridir od tutub yanır.
Bir matəm paltarı geymiş üfüqlər,
Tüstülər ah çəkib, göyə dayanır...


Külək kükrədikcə alov göyə yüksəlir, bomba səsindən göy lərzəyə gəlir, şair «ilk dəfə ayın, ulduzun alovlar içində boğulduğunu» müşahidə edir.
Şairin kədəri sonsuzdur, bu şəhərin timsalında Vətənin bağrı yanır! Bu şəhər yetkin bir əsərdir. Yetkin bir əsərin külə dönməsi, od içində «min incə pərinin» yanması, şəhərin od nəfəsindən torpağa, daşa ölüm rəngi çökməsi şairi sarsıdır və o bu qənaətə gəlir ki, «dünyanı düşünən bir şair olmaq» olduqca ağır yükmüş:

Ulduzlar qan qusur... göylər sağırdır,
Bir anlıq zülmətdə sönür min çıraq.
Mən indi bildim ki, xeyli ağırdır
Dünyanı düşünən bir şair olmaq!


Bu vəziyyət istər-istəməz şairi dərin düşüncələrə aparır, fəlsəfi mühakimələr yürütməyə məcbur edir:

Yanır gözəl şəhər... o gözəl əsər...
Soruşun varlığın günahı nədir?
Həyat müjdəsidir hər doğan səhər,
Bir anlıq səadət - bir qərinədir...

Məhz bunlara görə də şairin öz sualına cavab axtarması da təbii səslənir:

Bəlkə də yetməmiş dünya kamala?
Bəlkə də görməyir bu dəhşətləri?


Səməd Vurğun bu şəhərin obrazı vasitəsilə ölkənin ağır günlər keçirdiyini göstərmiş, səhərlərin matəmə batmaması, göylərin şəfəqdən don geyməsi naminə hamını qılınc qurşamağa çağırmışdır. Yüksək yurdsevərlik ruhu ilə aşılanmış bu şeirdə dərin bir nikbinlik, xeyirin şər üzərində qələbəsinə qəti bir inam vardır:

Xeyr, yumulmamış zamanın gözü,
Xeyirxah yaranmış dövranın əli.
Boğa bilməmişdir gecə gündüzü
İnsan yer üzünə şöhrət gələli.


1942-ci ilin payızında dağların qoynunda alovlanıb yanan bu şəhər Qroznı idi.

* * *
...Səməd Vurğunun ev-muzeyində nümayiş etdirilən fotoşəkillərdən birinin qarşısındayıq. Bu fotoşəkildə şair Polşanın Vrotslav şəhərindəki qəbiristanlıqda bir məzarın önündə aşağı əyilib cib dəftərçəsinə nə isə yazır.
Səməd Vurğun 1948-ci ildə Polşanın Vrotslav şəhərində sülhü müdafiə edən mədəniyyət xadimlərinin konqresində iştirak edərkən İkinci Dünya müharibəsində həlak olmuş döyüşçülərin dəfn olunduqları qəbiristanı ziyarət etmiş və başdaşlarından oxuduğu bir neçə azərbaycanlının adını dəftərinə yazmışdır. Burada İslam adına da rast gəlmişdir. Şair sonralar həmin vaxt keçirdiyi hissləri belə ifadə etmişdir: «Onların məzarı öz doğma torpağından, Xəzər sahillərindən, Kürdən, Arazdan, Şah dağının ətəklərindən, Muğan, Mil, Şirvan düzlərindən çox-çox uzaqlarda olduğu üçün ağsaçlı anaları, bacı-qardaşları və nişanlıları heç olmazsa son dəqiqələrdə öz əzizlərilə görüşüb vidalaşa bilmədikləri üçün məni dərin bir kədər hissi bürüdü. Eyni zamanda qəlbim fəxrlə döyündü ki, doğma xalqımın oğulları Babək və Koroğlunun bu cəsur balaları da hər əzab və əziyyətə dözərək... Mozdokdan Vrotslava qədər uzaq bir yol keçərək Avropanı hitlerçilərin zülm, həqarət və əsarətindən xilas etdilər».
Tale elə gətirib ki, dünyanın müxtəlif ölkələrinin qəbiristanlıqlarında ötən davada şəhid olmuş azərbaycanlı döyüşçülər də uyuyurlar. Onlar dünyanın çox dəhşətli bir bəladan-faşizm taunundan xilası yolunda canlarından keçiblər. Təəssüf ki, bu gün az qala o adamlar unudulur, onların xatirəsi təhqir olunur. Axı, «faşist taunu» deyilən bir anlayış çoxdan qəbul olunmuş faktdır və bu bəlaya qarşı vuruşmaq xalqların öz azadlığı uğrunda vuruşması demək idi. Azərbaycan Xalq Cümhuriyyətinin yaradıcılarından M.Ə.Rəsulzadə 1943-cü ildə hitlerçilərin azərbaycanlı əsirlərdən təşkil etdikləri legionların öz istiqlaliyyəti uğrunda mübarizə aparan ölkələrə, o cümlədən Polşaya qarşı vuruşmasının əleyhinə çıxmış, bu barədə xüsusi bəyanat vermişdir. Məhz buna görə də o, Hitlerin xüsusi göstərişi ilə Almaniyadan çıxarılmışdır...
Səməd Vurğun qəbiristanlıqda keçirdiyi hisslərin təsiri ilə özünün «İslam» balladasını qələmə almışdır. Əsər təbiət təsviri ilə başlayır: Oder çayı gümüşü kəmər kimi Vrotslavın gövdəsinə dolanmışdır. Suyun üzünə ağacların kölgəsi düşüb. Dörd yüz bahar yadellilərə qul olmuş bu şəhəri «çiçək sevən, şeir sevən» polyak xalqı laləzara döndərmişdir.
Sonra şair qardaş qəbiristanlığını təsvir edir. Burada Vrotslavın faşistlərdən azad edilməsi uğrunda həlak olmuş döyüşçülər dəfn edilmişlər. Müxtəlif millətlərdən olan bu şəhidlərin baş daşları üzərindəki yazıları şair belə ümumiləşdirir:

O, el üçün keçdi candan,
O yaşadı insan kimi.
Demə, ölüb o qəhrəman.
O, müqəddəs diləklərdə,
Bir də təmiz ürəklərdə.
Yaşayacaq dastan kimi.


Polyak qızları İslamın qəbrini salama gəlirlər. Bu, şairi fərəhləndirir. Azərbaycanlı döyüşçünün fədakarlığı onda milli qürur hissini gücləndirir. O öz eloğlusunu «dünyanın xilaskarı» kimi tərənnüm edir:

Ötür bir-birini aylar, fəsillər,
İnsanlıq qovuşur arzularına.
İslama hörmətlə azad nəsillər
Baş əyir dünyanın xilaskarına.


Akademik Məmməd Arif şairin bu misralarda söylədiyi fikri belə qiymətləndirmişdir: «Şairin (Səməd Vurğunun - A.B.) dünyanı əhatə edən humanist xəyalı, görün, necə ümumiləşdirmələrə yol tapır, ən sadə və adi bir azərbaycanlı döyüşçünü dünyanın xilaskarı mövqeyinə qaldırır».
Yaxşılıq da, yamanlıq da unudulmur. Bəşəriyyət dünyanı öz köləsinə döndərmək istəyən Hitleri də xatırlayır, öz xilaskarını da. Və yəqin ki, polyak xalqı da öz xilaskarını unutmur.
1988-ci ildə Polşa yazıçısı Yanuş Pşimanovskinin rəhbərliyi ilə Varşavada rus və polyak dillərində nəşr olunmuş «Xatirə» kitabında bu ölkənin azadlığı uğrunda döyüşlərdə həlak olmuş və gərgin axtarışlar nəticəsində müəyyənləşdirilmiş şəhidlərin siyahısı verilmişdir. Bu siyahıda onlarla soydaşımızın adına rast gəlirik.
Vrotslav uğrunda canını vermiş oğullarımızdan bəziləri bunlardır: İslamov Zeynəddin Hilal oğlu, İsmayılov Əhəd, Qədirov Vəli Qədir oğlu, Abdullayev Azay Məmməd oğlu...
Bu cəsurlar 1945-ci ilin aprel-may aylarında həlak olmuşlar.
Bəli, M.Ə.Rəsulzadə azərbaycanlı döyüşçüləri öz azadlığı uğrunda mübarizə aparan polyak xalqına qarşı çıxmamağa çağırdı, Səməd Vurğun polyakların xilaskarını-azərbaycanlı döyüşçüləri milli qürur hissi ilə tərənnüm etdi...

Adilxan Bayramov,
filologiya elmləri doktoru