Mədəniyyət və turizm naziri Əbülfəs Qarayev Azərbaycanın Birləşmiş Ərəb Əmirliklərindəki (BƏƏ) səfirliyinin təşkilatçılığı ilə respublikamızda səfərdə olan bu ölkənin “Əl-Fəcr” qəzetinin baş redaktoru Şərif Əl-Bəsili qəbul edib.

Görüş zamanı Şərif Əl-Bəsil qeyd edib ki, adıçəkilən qəzetdə Azərbaycanla bağlı geniş məqalələr hazırlanacaq və dərc olunacaq.
Mədəniyyət və turizm naziri son zamanlar iki ölkə arasında bütün sahələrdə sıx əməkdaşlığın olduğunu vurğulayıb və 2016-cı ilin ilk aylarından etibarən BƏƏ vətəndaşlarının Azərbaycana turist səfərlərinin kəskin şəkildə artdığını bildirib. Qeyd olunub ki, Azərbaycan turizm ölkəsi kimi İran körfəzi ölkələrindən olan turistlər üçün olduqca cəlbedicidir və ölkəmizdə mövcud olan turizm növlərindən ov turizmi, sağlamlıq turizmi, dağ-xizək turizmi və s. istifadə etmək imkanlarına malikdirlər. Təsadüfi deyildir ki, artıq üç ildir BƏƏ-nin Dubay şəhərində Mədəniyyət və Turizm Nazirliyinin turizm nümayəndəliyi fəaliyyət göstərir və Azərbaycanın bu ölkədə eləcə də digər Körfəz ölkələrində təbliğat və təşviqat işləri həyata keçirilir.
Əbülfəs Qarayev İran körfəzi ölkələri vətəndaşları üçün sadələşdirilmiş viza rejiminin tətbiq olunduğunu, bunun hər bir turist üçün əlverişli şərait yaratdığını diqqətə çatdırıb. 2017-ci ildə Bakıda keçiriləcək İslam Həmrəylik Oyunlarının, 2018-ci ildə Naxçıvanın “İslam mədəniyyəti paytaxtı” elan olunması ilə bağlı tədbirlərin keçiriləcəyini deyən nazir növbəti illərdə ərəb turistlərinin sayının daha da artacağına inamını ifadə edib.
Əbülfəs Qarayev eyni zamanda islam mədəni irsinin qorunmasında ölkəmizin rolu haqqında geniş söhbət açıb və Azərbaycanın tarix və mədəniyyət abidələrinin UNESCO-nun mədəni irs siyahılarında yer alması haqqında məlumat verib. Nazir ölkəmizdə müxtəlif dinlərin, fərqli mədəniyyətlərin tarixən yanaşı mövcud olduğunu bildirərək Azərbaycanın tolerant ölkə kimi dünyaya nümunə olduğunu vurğulayıb. Bu istiqamətdə layihələrin uğurla həyata keçirilməsində Azərbaycanın birinci xanımı, Heydər Əliyev Fondunun prezidenti, UNESCO və İSESCO-nun xoşməramlı səfiri Mehriban Əliyevanın fəaliyyəti xüsusi qeyd edilib.
“Əl-Fəcr” qəzetinin baş redaktoru Şərif Əl-Bəsil qəbula görə təşəkkür edib və Azərbaycanda olmasından məmnunluğunu bildirib.