25-28 sentyabr tarixində Macarıstanın paytaxtı Budapeştdə İ.Doğramacı adına Bilkent Universitetinin, Yunus Əmrə İnstitutunun və Türkiyə-Azərbaycan Dostluq və İşbirliyi Vəqfinin dəstəyi və təşkilatçılığı ilə XI Beynəlxalq türk dili qurultayı keçirilib. Türkiyə, Belçika, Polşa, Qazaxıstan və digər ölkələrdən 130-a qədər alimin qatıldığı qurultayda Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) müxbir üzvü, Nəsimi adına Dilçilik İnstitutunun direktoru, professor Möhsün Nağısoylunun rəhbərliyi ilə ölkəmizin türkoloq və dilçi alimlərindən ibarət nümayəndə heyəti iştirak edib.
Qurultayda türk dillərinin terminologiyası, tarixi, etimologiyası, frazeologiyası, tədrisi, qrammatikası, lüğətçiliyi mövzularında məruzələr oxunub. Azərbaycan alimləri Möhsün Nağısoylu, Baba Məhərrəmli, Vahid Zahidoğlu, Roza Eyvazova, Məhbubə Məmmədova, Cahangir Cahangirli, İkram Qasımov, Ziyafət Qasımova, Aygül Hacıyeva Azərbaycan dilçilik elminin son illərdə keçdiyi inkişaf yolu, türk dillərinin müxtəlif problemləri ilə bağlı tədqiqləri barədə maraqlı məruzələrlə çıxış ediblər.
Növbəti Böyük Türk Dili qurultayının gələn ilin oktyabrında Berlində keçirilməsi qərara alınıb.
Tədbirin son günü Azərbaycanın Macarıstandakı səfirliyində alimlərimizlə görüş təşkil olunub. Səfir Vilayət Quliyev elm adamlarının qurultayla bağlı təəssüratlarını dinləyib, onlara son illərdə daha geniş vüsət alan Azərbaycan-Macarıstan humanitar əməkdaşlığı, uğurla həyata keçirilən təhsil proqramı barədə məlumat verib.
Qeyd edək ki, Macarıstandakı səfirliyimizin köməyi ilə məşhur macar türkoloqu Georgi Hazainin AMEA-nın kitabxanasına hədiyyə etdiyi 1200-ə yaxın kitab respublikamıza çatdırılıb.

S.Qaliboğlu