Uşaq yazarı Sevinc Nuruqızının Belarusda yeni kitabı işıq üzü görüb. “Bozqulaq və fəsillər” adlı kitabda fəsillər haqqında hekayə, nağıl və tapmacalar yer alıb. “Zvyazda” nəşriyyatında çap edilən kitabdakı hekayələrin tərcüməçisi Ales Karlyukeviç, şeirlərin tərcüməçisi Raqned Monoxolskidir. Kitabın rəssamı Tatyana Fisyukdur.
Nəşr haqqında Belarus mətbuatına müsahibə verən Sevinc Nuruqızı Azərbaycanda uşaq ədəbiyyatına maraq, bu sahədə görülən işlər barədə söz açıb, müasir dövrdə uşaq ədəbiyyatında şən, ağıllı və təşəbbüskar qəhrəmanlara ehtiyac olduğunu bildirib. Yazar kiçikyaşlı oxucuların tələbatı və onlara təqdim edilən əsərlərdən də bəhs edib, uşaq ədəbiyyatında doğma yurdun təsviri və vətənpərvərlik ruhunun aşılanmasının vacibliyini vurğulayıb.

Lalə Azəri