“Azərbaycan Respublikasının tarixi” ikicildliyinin təqdimatı olub

Oktyabrın 13-də Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsinin Prezident Kitabxanasında “Azərbaycan Respublikasının tarixi” ikicildliyinin təqdimat mərasimi keçirilib.

AMEA Tarix İnstitutu, Prezident Kitabxanası və “Azərbaycan Tarixçiləri” İctimai Birliyinin təşkilatçılığı ilə keçirilən tədbirdə kitabın əhəmiyyətindən danışılıb. Tarix İnstitutunun Elmi Şurasının qərarı ilə çap olunmuş əsərin elmi məsləhətçisi AMEA-nın prezidenti, akademik Akif Əlizadə, elmi redaktoru AMEA-nın müxbir üzvü Yaqub Mahmudovdur.
Prezident Kitabxanasının direktoru Mayıl Əhmədov çıxış edərək təqdim olunan əsər haqqında qısa məlumat verib. Qeyd edib ki, fundamental elmi araşdırma olan ikicildlikdə son 25 illik dövlətçilik tariximiz öz əksini tapıb.
Azərbaycan Respublikası Prezidenti Administrasiyasının İctimai-siyasi məsələlər şöbəsinin müdir müavini Ərəstun Mehdiyev çıxış edərək deyib ki, Prezident İlham Əliyevin müvafiq sərəncamı ilə dövlət müstəqilliyinin bərpasının iyirmi beşinci ildönümü geniş şəkildə qeyd olunur. Azərbaycanın dövlətçilik tarixinin son 25 illik dövrünə ekskurs edən Prezident Administrasiyasının rəsmisi kitabın məziyyətlərindən, tarixi əhəmiyyətindən söz açıb.
Tədbirdə digər çıxış edənlər bildiriblər ki, kitab Azərbaycanın müstəqillik dövrü tarixinin akademik səviyyədə araşdırılması yolunda ilk təşəbbüsdür. Kitabın 1-ci cildi 1991-2003-cü illəri, 2-ci cildi isə 2003-2016-cı illəri əhatə edir.
Birinci cilddə 1991-ci il Azərbaycan dövlətçiliyinin bərpası, bütövlükdə, xalqımızın qədim dövlətçilik ənənələrinin dirçəlişi ili kimi qiymətləndirilir. Bu məsələnin araşdırılmasına ayrıca fəsil həsr olunub. İtirilmək təhlükəsi ilə üz-üzə qalmış Azərbaycan dövlətçiliyinin xilası üçün Heydər Əliyevin rəhbərlik etdiyi Qurtuluş hərəkatına geniş yer verilib. İkinci cilddə Prezident İlham Əliyevin rəhbərliyi ilə aparılan geniş islahatlar proqramının icrasına, quruculuq və abadlıq işlərinə, xarici siyasət sahəsində əldə olunmuş uğurlara, Heydər Əliyev Fondunun fəaliyyətinə fəsillər həsr olunub.
Vurğulanıb ki, “Azərbaycan Respublikasının tarixi” ikicildliyinin materialları tanınmış tarixçi-alimlər tərəfindən yazılıb. Hər iki cilddə müstəqil Azərbaycanın xarici siyasətinə dair fəsillərin müəllifi professor Əli Həsənovdur.