Oktyabrın 14-də Respublika Mədəniyyət Müəssisələri İşçilərinin Hazırlıq və İxtisasartırma Mərkəzində Xalq şairi Səməd Vurğunun 110 illiyinə həsr olunmuş tədbir keçirilib. Tədbirdə Mərkəzin kollektivi və mərkəzdə 11-31 oktyabr tarixində ixtisasartırma kurslarına cəlb olunmuş Bakı şəhər mədəniyyət evləri və mədəniyyət mərkəzlərinin direktorları, mərkəzləşmiş kitabxana sistemlərinin işçiləri və abidə mühafizləri iştirak ediblər.
Tədbirdə Səməd Vurğunun ev-muzeyinin əməkdaşları, Əməkdar incəsənət xadimi Aqil Məlikov, muğam müsabiqəsinin qalibi Nisbət Sədrayeva və onu müşayiət edən Altay Niftalıyev (tar), Araz Ağaverdiyev (kamança), Akademik Milli Dram Teatrının aktrisası Şəhla Əliqızı, Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin, Azərbaycan Milli Konservatoriyası nəzdində Musiqi kollecinin tələbələri qonaq qismində iştirak ediblər.
Tədbir zamanı böyük şairin yaradıcılığından söhbət açılıb, S.Vurğun poeziyasının dünyanın bir çox dillərində səslənməsi xüsusi vurğulanıb.
Musiqilər və şeirlərin bir-birini əvəz etdiyi tədbirin sonunda şairin ömür yoluna işıq salan videoçarx nümayiş olunub.