Oktyabrın 14-də Rusiya Federasiyası Dağıstan Respublikasının Milli Siyasət Nazirliyinin təşkilatçılığı ilə Mahaçqala şəhərindəki Dostluq evində tarix üzrə fəlsəfə doktoru, professor Vidadi Muradovun və Rusiya Elmlər Akademiyası Dağıstan Elmi Mərkəzinin əməkdaşı, tarix elmləri doktoru, professor Məhəmmədxan Məhəmmədxanovun müəllifi olduqları “Dərbənd xalçaçılığı” monoqrafiyasının təqdimatı keçirilib.

Kitab AMEA, “Azər-İlmə” Xalçaçılıq Mərkəzi və Rusiya EA Dağıstan Elmi Mərkəzinin Tarix, Arxeologiya və Etnoqrafiya İnstitutunun birgə həyata keçirdiyi layihə əsasında işıq üzü görüb.
Tədbirdə Dağıstan Respublikasının Baş nazirinin birinci müavini Anatoli Karibov, milli siyasət naziri Tatyana Qamaley, mədəniyyət naziri Zarema Butayeva çıxış edərək layihənin əhəmiyyətini yüksək dəyərləndiriblər. Vurğulanıb ki, “Dərbənd xalçaçılığı” layihəsi Azərbaycan və Dağıstan xalçaçılarının, tədqiqatçılarının, tarixçi və etnoqraflarının gələcək əməkdaşlığına təkan olacaq, Dağıstanda xalq sənətkarlıq sahələrinin və etnoturizmin inkişafına kömək edəcək.
Monoqrafiya müəlliflərinə Dağıstan Respublikası Mədəniyyət Nazirliyi adından təşəkkür məktubları təqdim edilib. “Xalça - xalqların tarixini və mədəniyyətini özündə əks etdirən xüsusi işarələr və simvollar dünyasıdır. Mənim üçün bu kitabda Rusiya və Azərbaycan muzeylərində qorunan xalçaçılıq sənətinin ən gözəl nümunələrinin təqdim olunması xüsusilə maraqlıdır”, - deyə nazir Z.Butayeva bildirib.
Milli siyasət nazirinin müavini, Dostluq evinin direktoru Təkrar Əhmədov, Dağıstan Elmi Mərkəzinin sədr əvəzi, tarix elmləri doktoru Murtuzəli Hacıyev, DEM-in Tarix, Arxeologiya və Etnoqrafiya İnstitutunun direktoru Maxaç Musayev, AMEA Tarix İnstitutunun “Ümumi tarix” şöbəsinin müdiri, tarix elmləri doktoru Tofiq Mustafazadə, AMEA Arxeologiya və Etnoqrafiya İnstitutunun əməkdaşı, tarix üzrə fəlsəfə doktoru Qoşqar Qoşqarlı və digər çıxış edənlər “Dərbənd xalçaçılığı” monoqrafiyasının əhəmiyyətindən danışıblar.
Professor Vidadi Muradov fundamental elmi layihənin həyata keçirilməsinə göstərdiyi dəstəyə görə Dağıstan Respublikasının hökumətinə, elmi və mədəni ictimaiyyətinin nümayəndələrinə minnətdarlığını bildirib.