Daşkənddə fəaliyyət göstərən ingilisdilli Amerika Beynəlxalq Məktəbində ənənəvi “Xalqların mədəniyyəti və mətbəxi festivalı” keçirilib. Festivalda Özbəkistanda fəaliyyət göstərən səfirliklər ölkələrinin tarixi, mədəniyyəti, adət-ənənələrini təbliğ edən stend və sərgilər təşkil edib.
Tədbirdə ölkəmizi Azərbaycanın Özbəkistandakı səfirliyi və bu qurumun nəzdindəki Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzi (AMM) təmsil edib.
Azərbaycan guşəsində ölkəmizlə bağlı kitablar, o cümlədən Heydər Əliyev Fondunun “Qarabağ həqiqətləri” seriyasından rus və ingilis dillərində nəşrlər, müxtəlif jurnallar nümayiş etdirilib.
Sərgidə Qarabağ xalçaları, Qarabağın milli qadın geyimləri, qədim məişət əşyalarımız, həmçinin tar, kamança, saz, qaval, nağara və suvenirlərimiz iştirakçılarda maraq doğurub. Azərbaycanın mədəniyyəti, tarixi ilə əlaqədar videoçarx nümayiş etdirilib.
Festival çərçivəsində təşkil olunan konsertdə müxtəlif xalqları təmsil edən rəqs və musiqi qruplarının çıxışları dinlənilib.