Noyabrın 3-də Heydər Əliyev Sarayında Azərbaycan Radiosunun 90 və Azərbaycan Televiziyasının 60 illiyinə həsr olunan təntənəli yubiley mərasimi keçirilib. Mərasimdə dövlət və hökumət nümayəndələri, Milli Məclisin deputatları, ictimaiyyətin təmsilçiləri iştirak ediblər.

Tədbirdə əvvəlcə “Radio marşı” səsləndirilib. Sonra ulu öndər Heydər Əliyevin Azərbaycan Radiosu və Televiziyasının yubileyində iştirakı zamanı çıxışından bir hissə nümayiş etdirilib.
Azərbaycan Respublikası Prezidentinin ictimai-siyasi məsələlər üzrə köməkçisi Əli Həsənov mərasimdə çıxış edib. Radio və televiziyanın Azərbaycan xalqının tarixi inkişafında rolu haqqında danışan Prezidentin köməkçisi deyib ki, bu informasiya vasitələri mətbuatın fərqli forması kimi bir əsrə yaxındır həyatımıza daxil olub.
Azərbaycanda teleradionun yaranması və inkişafı tarixinə qısa ekskurs edən Ə.Həsənov diqqətə çatdırıb ki, keçmiş SSRİ-də ilk radio verilişi 1924-cü il noyabrın 23-də efirə buraxılıb. Azərbaycan radiosu isə 2 il sonra - 1926-cı il noyabrın 6-da yaradılıb. Qardaş Türkiyədə radio 1927-ci ildə fəaliyyətə başlayıb. Azərbaycan bu sahədə də müsəlman Şərqində birinci mövqedə dayanır.
Azərbaycanda teleradionun inkişafının sovet dövrünün, xüsusilə də ötən əsrin 70-80-ci illərinin çox əhəmiyyətli olduğunu vurğulayan Əli Həsənov deyib ki, məhz həmin illərdə biz Azərbaycan dilini, ədəbiyyatını, tarixini, zəngin və çoxcəhətli milli mədəniyyətimizi yenidən dərk etmək və qiymətləndirmək imkanı əldə etdik. Ümummilli lider Heydər Əliyevin respublikaya rəhbərliyinin birinci dövrünü əhatə edən bu illər milli özünüdərkin oyanmasında yeni mərhələ olub.
Prezidentin köməkçisi Əli Həsənov Azərbaycan teleradiosunun müstəqillik dövründə keçdiyi inkişaf yolundan da söz açıb. Bildirib ki, hazırda Azərbaycanda 10 ümumrespublika, 13 regional, 17 kabel, 15 internet, 1 peyk televiziyası, 13 ümumrespublika və 3 regional radio fəaliyyət göstərir, ölkə ərazisində rəqəmsal yayımın tətbiqinə başlanılıb.
Milli Televiziya və Radio Şurasının sədri Nuşirəvan Məhərrəmov ötən illər ərzində teleradio sahəsində görülən işlərdən bəhs edib. Ölkəmizdə fəaliyyət göstərən televiziya kanallarının nümayəndələrinin təbrikləri çatdırılıb.
Yubiley gecəsi musiqi proqramı ilə davam edib.

Fariz Hüseynov