Prezident İlham Əliyevin “Azərbaycanı dünyada multikulturalizm mərkəzi kimi tanıtmaq” təşəbbüsünün reallaşması üçün ölkəmizdə və xaricdə layihələr həyata keçirilir. Bu fəaliyyətin bir istiqamətini də respublikamızda, eləcə də müxtəlif ölkələrin ali təhsil ocaqlarında “Multikulturalizmə giriş” və “Azərbaycan multikulturalizmi” fənlərinin tədrisi təşkil edir.

Azərbaycan Respublikasının millətlərarası, multikulturalizm və dini məsələlər üzrə Dövlət müşavirliyi xidmətinin təşəbbüsü ilə Təhsil Nazirliyinin təsdiq etdiyi müvafiq proqram üzrə ötən dərs ilindən ölkənin 20-dən çox ali məktəbində tədris həyata keçirilir. Həmçinin, Bakı Beynəlxalq Multikulturalizm Mərkəzinin (BBMM) imkanları hesabına 15-dək xarici ölkə universitetində “Azərbaycan multikulturalizmi” tədris edilir.
Ölkəmizdə bu fənlərin texniki yönlü, qeyri-humanitar ixtisaslı mütəxəssislər hazırlayan universitetlərdə tədrisinə xüsusi önəm verilir. Məqsəd texniki universitetlərdə Azərbaycanın tarixi, mədəniyyəti, ədəbiyyatı və incəsənəti haqda ümumi biliklərin bir fənn - “Azərbaycan multikulturalizmi” çərçivəsində əhatəli tədrisinə nail olmaqdır.
Eyni zamanda universitetlərdə bu fənlərin kafedralarının yaradılması istiqamətində işlər görülür. Millətlərarası, multikulturalizm və dini məsələlər üzrə dövlət müşaviri, akademik Kamal Abdullanın təşəbbüsü ilə Bakı Slavyan Universitetində Azərbaycan multikulturalizmi kafedrası ötən tədris ilindən fəaliyyətə başlayıb.
16 noyabr - Beynəlxalq Tolerantlıq Günü ərəfəsində isə Bakıdakı Qafqaz Universitetində “Azərbaycan multikulturalizmi” Elm-Tədris Mərkəzi açılıb.
Mərkəzin yaradılmasının məqsədi “Multikulturalizmə giriş” və “Azərbaycan multikulturalizmi” fənlərini tədris etməklə yanaşı, BBMM ilə birgə ölkədaxili və xarici universitetlərdə bu fənlərin tədris olunması üçün kadr hazırlığının təşkilini təmin etməkdir.
Qafqaz Universitetinin rektoru, professor Havar Məmmədov “Multikulturalizm ili”ndə təhsil müəssisəsində belə bir mərkəzin yaradılmasının əhəmiyyətini qeyd edib.
Dövlət müşaviri, akademik Kamal Abdulla vurğulayıb ki, multikulturalizmin dövlət siyasəti səviyyəsinə yüksəldilməsi azərbaycançılıq ideologiyasının qələbəsidir. O, Qafqaz Universitetində yaradılan “Azərbaycan multikulturalizmi” Elm-Tədris Mərkəzinin səmərəli fəaliyyət göstərəcəyinə əminliyini bildirib.
Müəllif Hüquqları Agentliyinin sədri Kamran İmanov, təhsil nazirinin müavini Firudin Qurbanov, BBMM-in icraçı direktoru Azad Məmmədov, Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi sədrinin müavini Gündüz İsmayılov, “Multikulturalizm” jurnalının baş redaktoru Fəxri Uğurlu və digər çıxış edənlər Azərbaycan multikulturalizminin təbliği, Elm-tədris mərkəzinin gələcək fəaliyyəti ilə bağlı fikirlərini bölüşüblər.