Özbəkistanın uchildiz.uz portalında tanınmış şair, dramaturq, ədəbiyyatşünas və tərcüməçi, Azərbaycan və özbək xalqlarının böyük oğlu Maqsud Şeyxzadənin (1908-1967) həyat və yaradıcılığı haqqında məqalə verilib.
Azərbaycanın Özbəkistandakı səfirliyi və səfirliyin nəzdindəki Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzinin təşəbbüsü ilə dərc olunan məqalənin müəllifi Tulkin Eşbek bildirir ki, Ağdaş rayonunda anadan olan tanınmış şair 1928-ci ildə Özbəkistana sürgün edilib və ömrünün axırınadək burada yaşayıb. O, "Şərq həqiqəti", "Qızıl Özbəkistan" və digər qəzetlərdə, "Gülüstan" jurnalında çalışıb, Nizami Gəncəvi adına Daşkənd Pedaqoji İnstitutunda müəllim işləyib.
Yazıda qeyd edilir ki, ədibin "Cəlaləddin Manquberdi", "Mirzə Uluqbəy" faciələri, "Daşkəndnamə", "Ağsaqqal" poemaları oxucular tərəfindən rəğbətlə qarşılanıb. O, Nizami Gəncəvi, Məhəmməd Füzuli, Hüseyn Cavid, Səməd Vurğun kimi Azərbaycan klassiklərinin əsərlərini özbək dilinə tərcümə edib. Məqalədə şairin "Daşkəndnamə" poemasından parçalar da yer alıb.
Bildirilir ki, Maqsud Şeyxzadə ölümündən sonra Özbəkistan Prezidenti İslam Kərimovun fərmanına əsasən "Böyük xidmətlərə görə" ordeni ilə təltif olunub. Özbəkistanın Xalq yazıçısı Şükrulla M.Şeyxzadəni "Özbək ədəbiyyatının Şekspiri" adlandırıb. Bir neçə il bundan əvvəl ədibin 100 illik yubileyi Daşkənddə yüksək səviyyədə qeyd edilib.