Daşkənddəki “Mumtoz soz” nəşriyyatı Azərbaycan şairi Hüseyn Kürdoğlunun “Seçilmiş şeirlər” kitabını özbək dilində çap edib. Kitabı orijinaldan ədəbiyyatımızın dostu, şair və tərcüməçi Usman Kuçkar çevirib. Filologiya elmləri doktoru, professor Xamidulla Boltabaev topluya yazdığı “Ön söz”də şairin həyat və yaradıcılığı haqqında məlumat verib, əsərlərini təhlil edib. “Ön söz”də deyilir: “Hüseyn Kürdoğlu zaman və millət şairidir. Onun əsərlərinin dili rəvan, şeirləri mənalı və oxunaqlıdır. Buna görə də şairin əsərləri bir sıra dillərə tərcümə edilib”.