Bakının Qalasında doğulub Malatyanın Qalasında...

Yuxarıda sözüm qırıldı; “ölən şair” kəlmələrini yaza bilmədim. Həm ona görə ki, Almas İldırım ölməz şairdir, həm bundan yana ki, onun ən böyük arzusu - Milli Azadlığımız bərqərardır. O, vətəninin istiqlala qovuşacağına sonrakı nəsillərdən də möhkəm əmin-arxayın olub və hətta poetik bir vəsiyyət də edib:

Aç qoynunu, uzaqdan gəlmişəm, çox yaslıyam;
Eli, yurdu çalınmış bir qərib Qafqazlıyam.
Zənn etmə ki, yoxsulam, Kürlüyəm, Arazlıyam,
Bakıdan ayrılalı yaxın zamandır, Gölcük...

Həmin Gölcük haqda bir az sonra. Hələlik, o Gölcüyün nəhəng adaşının sahilində doğulmuş bu şairin qısa tərcümeyi-halı. Hansı ki, bu tərcümeyi-halın özü də -

Faciəvi bir poeziya...

1907-ci il martın 25-də Bakının Qala kəndində doğulmuş bu bəy-əsilzadə Azərbaycanda sovet hakimiyyəti qurulduqdan sonra totalitar rejimin cəza tədbirlərinin hədəfinə çevrilir. Gün gəlir ki, Azərbaycan Dövlət Universitetinin Şərq ədəbiyyatı fakültəsindən də xaric edilir.
1926-cı ildə çap etdirdiyi (Süleyman Rüstəmlə birgə) “Dün bugün” adlı şeir məcmuəsində və sonrakı şeirlərindəki millətçi görüşlərinə görə Dağıstana (1928) sürgün edilir. Orada “Dağlardan xatirələr”, “Ləzgi elləri”, “Krımda axşamlar”, “Səlimxan” və “Günah kimdədir?” şeirlərini yazır, iki il sonra Bakıya qayıdıb “Dağlar səslənərkən” şeirlər məcmuəsini nəşr etdirir. Lakin senzuradan keçməyən bu kitab şairin Azərbaycan Yazıçılar İttifaqından qovulmasına səbəb olur və o, Türkmənistana sürgün edilir. Bir müddət məktəb direktoru işləyən Almas İldırımı orada da rahat buraxmırlar. Azərbaycandan Aşqabada göndərilən Əkbər Ruhi adlı bir agent öz müşahidələrini belə yekunlaşdırır: “A.İldırım ideolojimiz üçün zərərli bir insandır...”
Bundan sonra Türkmənistanda qalmağın təhlükəli olduğunu hiss edən şair 1933-cü ilin iyununda, yenicə evləndiyi Zivər xanımı və üç aylıq körpəsi Azəri də götürüb İrana gedən qaçaqçı bir dəvə karvanına qoşulur.
Sərhəd gözətçilərinin və gömrük məmurlarının gözünə görünməməkçün çətin cığırlar, sıldırım qayalar ötən bu zülümlü ailə böyük məşəqqətlərdən sonra İran torpağına çatır və... Almas İldırım dərhal həbs olunur. 25 gün dustaq saxlanan şair bolşevik casusu hesab edilərək işgəncələrə məruz qalır, istədikləri məlumatı qoparmaq üçün onu sinəsinə qədər soyuq su içərisində saxlayırlar. Bu işgəncələr şairin səhhətində dərin izlər qoyur; o, sağalmaz böyrək xəstəliyinə mübtəla olur. Nəhayət, azad edilib Məşhəd şəhərinə göndərilsə də, burada iş tapa bilməyən incə qəlbli insan çox yoxsul, acınacaqlı həyat sürür.
İranda qala bilməyən Almas İldırım Türkiyəyə gedir, 1934-cü ildə Türkiyə vətəndaşlığına qəbul edilir və orada katiblik, kargüzarlıq işlərində çalışır, ibtidai məktəbdə dərs deyir.
Ömrünün 12 ilini yaradıcılığa sərf edən Almas İldırım müxtəlif bələdiyyə görəvlərində çalışır, 1952-ci ilin 14 yanvarında böyrək xəstəliyindən vəfat edir. Bu böyük azadlıq şairindən gözəl şeirlərlə yanaşı, Azər, Araz, Orxan və Bakıxan adlı dörd oğul da qalır. Əlbəttə, bütün doğulanlar gedib və gedəsidir, o şeirlər isə -

Qaldıqca qalacaq...

Vətən həsrəti, qəriblik hüznü Almas İldırımın demək olar, bütün əsərlərinin aparıcı ahəngidir. On yeddi illik Türkiyə həyatı - qəzetlərdə, jurnallarda, məcmuələrdə çap etdirdiyi milli şeirləri onu milliyətçi və istiqlalçı bir şair kimi tanıtdı. Özü də o şeirlər ruhuna, məsləkinə uyğun bir adla - “Boğulmayan səs” adı altında çap olundu. Sonralar nəşr edilən kitabının adı - “Azərbaycan mahnıları” da Almas İldırımın müqəddəs vətən həsrəti rübabından soraq verir. “Seçilmiş əsərləri” (Bakı: “Öndər” nəşriyyatı, 2004, 159 s.), şeir və poemalardan ibarət “Qara dastan” (Bakı: “Azərnəşr”, 1994, 143 s.), “Azərbaycanın didərgin salınmış övladı şair Almas İldırımın şeirləriylə” (Bakı: 1990, 30 s.) nəşrləri də 45 il ömür sürmüş bu əbədiyaşar şairimizin milli könül çırpıntılarını daim canlandırmaqda...
Və bir neçə epizod da şairin oğlu -

Azər Almasın dilindən:

“Atam sürgün ediləndə mən 3 ay 19 günlük körpəymişəm. Oralara ata-ana qucaqlarında gedibmişəm. 24 saat yol gedəndən sonra bu yolçuluğun riskli olduğunu düşünən atam Firuzə yaylasında karvandan ayrılır. Günlərlə ac-susuz yol gedir, İran sərhədinə yaxın bir yerdə istiqaməti itirirlər. Onları tuturlar. “Bolşevik sovet casusu” damğası ilə atama 25 gün işgəncə verirlər. Maddi və mənəvi sıxıntılar içərisində böyük müsibətlərdən keçib Türkiyənin Van şəhərinə (1934) gəlirlər. Bir neçə aydan sonra ağlım kəsdi ki, Elazığdayıq. Atam bu vilayətin Qaraca bölgəsində əvvəl müəllim, sonra nahiyə müdiri işlədi. Elazığın bölgələrində təhsillə bağlı böyük işlər gördü, məktəblər açdı.
Elazığda bir göl var... Atam həmişə onun sahilinə gedib həmin göl ilə dərdləşərmiş. Günlərin bir günü də Atatürkə məktub yazır ki, yurdumun sahilində böyük bir Xəzərim var - neçə ildir onun həsrətlisi-nisgillisiyəm. İndi bu adsız gölə “Xəzər” adı verməyimə izn verin. Atatürk bu xahişi qəbul edir və o zamandan həmin gölcük “Xəzər” adlanır...
(Azəri dinləyəndə, yazdıqlarını oxuyanda “bunlar lap atasının şeirləri kimi təsir bağışlayır ki!” fikrinə qapılırsan).
Çox insan vətənindən qovulub və hələ zaman-zaman da qovulacaq. Amma mən vətəninə bu qədər təşnə insan, vətənini belə bir mənəvi-psixoloji inadla geri almaq istəyən, vətəni üçün diriykən ölən bir adam görməmişəm və təsəvvür də edə bilmirəm. Atam vətənindən ayrı nə insan kimi yaşaya, nə insan kimi düşünə bilirdi. Vətəni onunçün nəfəs idi, hava idi, su idi. Bizi də həmin nəfəsə, həmin suya aludə böyütdü. Bunun nə olduğunu atam kimi, atam səviyyədə deyə bilmədiyimçün qoy yenidən onun misralarını xatırladım:

Könlümə tək Kəbə seçdim səni mən,
Sənsiz neynəm, qürbət eldə günü mən,
Sənsiz neynəm Allahı mən, dini mən!
Azərbaycan - mənim tacım, taxtım oy!
Oyanmazmı kor olası baxtım, oy?!.

Ömrünün son illərini canı xəstəliklə, ürəyi vətən həsrətilə əlləşirdi. Xəstə-xəstə də atın belində nayihələri gəzib nəzarət edir, camaatın dərd-sərinə qalırdı. İşə baxın, 1907-ci ildə Bakının Qala kəndində doğulan bu vətənzadə 1952-ci ildə Malatyanın Qala obasında dünyasını dəyişdi...
Atamın güldüyünü heç xatırlamıram. Çox ciddi idi, daim fikirli görünürdü. Vətəni düşünərdi, əlinə qələm alıb, zümzümə edə-edə şeir yazardı. Onun içində heç vaxt susmayan bir vətən mahnısı vardı...”
Belə baxıram - tək elə qələm əhli olmayan oğlu yox, mən özüm də bu qərib-qürbət Azadlıqzadəmiz haqda onun özündən yaxşı bir söz deyə bilmirəm, bu səbəbdən yazımı şairin öz misralarıyla bitirim:

Qafqaz; o yaşıl yurd, o məhəbbət vətənimdir.
Qafqaz; onu mən görmədən ölsəm, ona dair;
Qəbrimdə yazılsın iki misra, bu kitaba:
“Aşıqdir gözəl yurduna qürbətdə də şair,
Xəyyam necə aşiq idisə gül rəngli şəraba...

Tahir Əhmədalılar